E-mail: [email protected]
Ermənistanda “Qarabağ klanı” aktivləşir - Ter-Petrosyan Köçəryanı qəbul etmir
Ötən həftə Eçmiədzin Kilsəsində bütün ermənilərin katolikosu II Qareginin vasitəçiliyilə Ermənistanın üç keçmiş prezidenti (Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan) və Qarabağ separatçılarının eks-başçıları (Arkadi Qukasyan və Bako Saakyan) bir araya gələrək, ölkədəki vəziyyəti müzakirə ediblər.
Modern.az saytı xəbər verir ki, Ermənistanın hazırkı iqtidarına müxalif olan kəsim bu görüşü alqışlayaraq, ölkədə hakimiyyət dəyişikliyi olacağına ümidlənib.
Hətta artıq sosial şəbəkələrdə və yerli KİV-lərdə Nikol Paşinyanın vəzifədən necə uzaqlaşdırıla biləcəyi də müzakirə edilir.
Erməni KİV-lərinin yaydığı xəbərlərdə bildirilir ki, eks-lərin toplantısında ölkədə prezident üsul-idarəsininin bərpa olunması məsələsi də müzakirə mövzusu olub.
Xəbərlərdə qeyd edilir ki, Paşinyan hakimiyyəti devrilsə, 77 yaşlı Levon Ter-Petrosyanın yenidən prezident olmaq şansı yoxdur. Belədə müzakirəyə qatılan digər siyasətçilərin hamısının Qarabağdan olması diqqət çəkir. Məlumatlara görə, sözügedən toplantıda “Qarabağ klanı”nın 4 nümayəndəsindən biri – Robert Köçəryan yenidən Ermənistan prezidenti seçilməyə daha çox iddialı olduğunu ortaya qoyub.
Onun bu iddiasının 77 yaşlı Levon Ter-Petrosyan tərəfidnən müsbət qarşılanmadığı barədə xəbərlər var.
“Hraparak” qəzeti yazır ki, Ter-Petrosyan Robert Köçəryanın yenidən ölkə başçısı olmağını istəmir.
Elə Ter-Petrosyanın adamı kimi tanınan “Ermənistan Milli Konqresi” partiyasının sədr müavini Aram Manukyanın sabiqlərin görüşündən sonra “növbəti prezident hamının qəbul etdiyi neytral bir fiqur olmalıdır” açıqlaması da buna işarədir.
“Hraparak” qeyd edir ki, Robert Köçəryan hazırda Ter-Petrosyançılar üçün ən qəbuledilməz namizəd sayılır.
Erməni mətbuatı “bəs hamının qəbul edəcəyi neytral namizəd kim ola bilər” deyə sual edir və ardınca da bu adamın sabiq baş nazir, bitərəf Vazgen Manukyanın adını çəkir. Amma onu da qeyd edir ki, Ermənistan müxalifətinin bir dəfə vahid namizəd kimi qabağa verdiyi, Paşinyana uduzan Vazgen Manukyanın ikinci dəfə önə çıxmaq istəyəcəyi sual doğurur…