E-mail: [email protected]
Azərbaycana daha doqquz zubr gətiriləcək
“Azərbaycana noyabr ayında daha doqquz zubr gətiriləcək”.
Turkdunyasi.az xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib.
Onun sözlərinə görə, IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan zubrlar gətirilərək, təbiətə buraxılır:
“Bu müddət ərzində populyasiyada təbii artımın olması ilə 20 baş zubrların təbiətə buraxılıb. Hazırda doqquz baş zubr İsmayıllıda volyerdə saxlanılır, noyabrda isə daha 9 baş zubr gətiriləcək”.
O qeyd edib ki, 2028-ci ilə kimi ümumilikdə 100 baş zubrun Azərbaycana gətirilməsi planlaşdırılır:
“Alimlər hesab edir ki, onlar 500 baş olduqda, populyasiyası dayanıqlı olacaq və məhv olma təhlükəsi azalacaq”.
Qeyd edək ki, İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana zubrlar gətirilir.
Xatırladaq ki, tarixçilər zubrlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi zubrları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir.
Vaxtilə Avrasiyada çox geniş yayılan zubrların ötən əsrin əvvəllərindən etibarən nəsli kəsilməyə başlayıb. Vəhşi təbiətdə demək olar ki, bu heyvanlara artıq çox az rast gəlinir. Qafqaz dağlarında isə sonuncu zubr 1927-ci ildə öldürülüb.