E-mail: [email protected]
İran Azərbaycan-Türkiyə qardaşlığından niyə qorxur? - RƏY + FOTO
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasın Prezidenti Rəcəb Tayib Ərdoğanının mətbuata birgə bəyanatı oldu. Bu bəyanatda Türkiyə-Azərbaycan qardaşlığının, eyni zamanda Şuşa Bəyannaməsinin əhəmiyyətindən bəhs edildi, dövlətlərimiz arasındakı qardaşlığı pozmaq istəyən müəyyən qüvvələrə ismarışlar verildi”.
Turkdunyasi.az xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, siyasi ekspert Sultan Zahidov deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında olan münasibətlər son dönəmlər yüksək səviyyədə inkişaf edib:
“Bu münasibətlər Şuşa Bəyannaməsinin imzalanması ilə kulminasiya nöqtəsinə çatdı. Bu bəyannamə ilə Azərbaycan və Türkiyə hər sahədə müttəfiqlik haqqında razılığa gəldilər. Bu yaxınlıq regionun sülh və təhlükəsizlik içində olmasına, regionun inkişafına ümumilikdə böyük töhfə verəcək bir indikator rolunda çıxış edir. Məlum məsələdir ki, uzun illər Cənubi Qafqaz regionunda sülhə, təhlükəsizliyə və inkişafa əsas maneə Qarabağ münaqişəsi idi. Səbəb də Ermənistanın qeyri-konstruktiv mövqeyi idi. Buna görə də münaqişə diplomatiya masasında həll oluna bilmirdi. Bu münaqişə regionun əsas “Qordi düyünü” idi. Bu düyünü də Azərbaycan İkinci Qarabağ müharibəsində “dəmir yumruğ”u ilə məhv elədi. Beləliklə, regionda sülh və təhlükəsizlik üçün zəmin yarandı”.
S.Zahidov Qarabağ məsələsində Türkiyənin mövqeyindən də söz açıb:
“Türkiyə də öz növbəsində Azərbaycanla bərabər regionda kommunikasiya xətlərinin bərpasına, yeni kommunikasiya layihələrinin həyata keçirilməsinə, ümumilikdə götürsək inkişaf və sülh üçün töhfə verəcək layihələrin ərsəyə gəlməsində dəstək oldu. Türkiyə Azərbaycana, eləcə də Ermənistana dəfələrlə bildirmişdir ki, Azərbaycanla Naxçıvan arasında, Naxçıvanla Türkiyə arasında kommunikasiya xətlərinin açılması regional inkişafın əsas faktoru rolunda çıxış edir. Ermənistanın bu təklifləri layiqincə dəyərləndirməməsi müəyyən qədər prosesləri ləngitdi”.
Siyasi ekspertin sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı nəinki Cənubi Qafqaz regionunda sülhün inkişafının göstəricisidir, eyni zamanda bütün Avrasiyada belədir:
“Biz nəzərə alaq ki, Çinin və Avropanın Qafqazdan keçən nəqliyyat-kommunikasiya xətlərində marağı var. Bu baxımdan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yeni bir xətt sözsüz ki, Avropanın, həm də Çinin, ümumilikdə Avrasiyada şərq-qərb tranzit xətlərinin inkişafına böyük töhfə verəcək bir layihədir. Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyəti bütün Avrasiyada müsbət tendensiyalar yarada bilər. Sözsüz ki, bunu istəməyən qüvvələr var. Bu qüvvələrin də başında İran gəlir. Son dövrlər İran həm azərbaycanla sərhəddə təlimlər keçirir, həm Ermənistanı dəstəkləyən ziddiyyətli bəyanatlar verir. Bu da ondan irəli gəlir ki, İran yeni yaranmış geosiyasi reallıqdan bir növ kənarda qaldığını düşünür. Əslində isə yeni yaranacaq kommunikasiya qovşağının əsas iştirakçısı olmamasından çəkinir.
İran düşünür ki, həm Azərbaycan, həm də Ermənistan üçün strateji olaraq İranın varlığı əhəmiyyət daşıyırdı. Azərbaycan İran vasitəsi ilə həm Naxçıvan, həm də Türkiyə ilə kommunikasiya əlaqəsi yaradırdı. Ermənistan üçünsə məlum məsələdir ki, İran hava, su qədər vacib idi. Amma indi İran Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında onun əhəmiyyətinin əvvəlki kimi olmamasından qorxur. Halbuki, Azərbaycan təklif etdiyi altıtərəfli platformada İranın da iştirakını qeyd edib. Yəni Azərbaycan və Türkiyə bütün regional dövlətlərin bərabər şəkildə sülhə və inkişafa töhfə verməsini istəyirlər”.
Azərbaycanın qüvvətlənməsi faktoruna gəlincə S.Zahidov bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra ölkə öz gücünü göstərib:
“Azərbaycan həm siyasi, həm də hərbi cəhətdən öz gücünü göstərmiş oldu. Bu da İrana pis təsir etdi. Çünki İran düşünür ki, orada yerləşən 30 milyon azərbaycanlı bu prosesdən ilhamlana bilər. Bu da İranın dövlət səviyyəsində mövqeyinə uyğun deyil.
İranda belə bir mövqe - fars mərkəzçiliyi ideyaları var. Yəni siyasi elitada müəyyən qüvvələr hələ də fars şovinizmini dəstəkləyirlər və sözsüz ki, onlar türk dünyasına düşmən kimi baxırlar.
Azərbaycan-Türkiyə müttəfiqliyini onlar özlərinə hədə kimi görürlər. Şuşa Bəyannaməsində də qeyd olunduğu kimi nə Azərbaycan, nə də Türkiyə hər hansı bir dövlətə qarşı deyillər. Bu, regiondakı sülh üçün razılaşmadır. Bu baxımdan İranın sözügedən mövqeyini belə izah edə bilərik ki, Tehran vəziyyəti düzgün qiymətləndirmir. Azərbaycana qarşı əsasız böhtan kampaniyası həyata keçirir. İran nəzərə almalıdır ki, artıq regionda sülh üçün böyük perspektivlər var, Azərbaycan özü də İran üçün əhəmiyyətli tərəfdaşdır. Ən azından Rusiya və İran arasında quru yol yalnız Azərbaycandan keçir. Eyni zamanda Azərbaycan qonşularına qarşı heç bir zaman aqressiv düşmənçilik siyasəti yürütməyib. Bu, Azərbaycanın prinsiplərinə aid deyil”.
Sonda S.Zahidov İranla bağlı onu da qeyd edib ki, İranın təhdid siyasəti regionda sabitliyi aşağı salan, pozan xarakter daşıyır:
“Bu, normal qonşuluq münasibətlərinə sığmır. Siyasətdə belə bir termin var “kağız pələng”. Yəni bir dövlət təhdid edir, ancaq realda ciddi bir fəaliyyəti yoxdur. İranın da simvolu şir olduğuna görə mən İrana “kağız şir” deyirəm. Daim əsassız bəyanatlarla, təhdidlərlə çıxış eləsə də, ciddi nəsə edəcəyi real deyil. Çünki Azərbaycan-Türkiyə qardaşlığı möhkəmdir, əbədidir, sarsılmazdır. İran bunun qarşısında heç bir ciddi fəaliyyət göstərə bilməz”.