25 
okt
2022
12:09
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

XİN-dən BƏYANAT: Ermənistan mina basdırmağa davam edir

25 okt, 2022
12:09
1264

Postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamalarına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır”.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.
Xatırladılıb ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirir.
O, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu, yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.
XİN-dən bildirilib ki, ümumilikdə son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan üç nəfər jurnalist daxil olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır.
Cari ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı “E-001M” markalı piyada əleyhinə minalar, habelə cari ilin 3 oktyabr tarixində Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərinin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir.
“2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaları istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir.
12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribatının və hücumlarının əsas başlanğıc nöqtəsi də havanın qaranlığı və mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinin yerləşən mövqeləri arasında təminat yollarını və əraziləri minalamağa cəhd etməsi olub.
Bununla yanaşı, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.
Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısı alınması üçün Ermənistana təzyiq edilməlidir”, - deyə XİN bəyan edib.
Azərbaycan tərəfi dəfələrlə bu təhdidlərin aradan qaldırılması istiqamətində səylərin səfərbər edilməsi və Azərbaycanın həyata keçirdiyi humanitar minatəmizləmə işlərinə genişmiqyaslı yardım göstərilməsi barədə müraciət edib.
Bu xüsusda, cari ilin 23 avqust tarixində Azərbaycan xarici işlər naziri tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə müvafiq məktub ünvanlayıb və məktub BMT-nin bütün üzvləri arasında yayılıb.
Azərbaycan tərəfi, həmçinin cari ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci ildə qəbul etdiyi müvəqqəti qərarları açıq-aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib:
“Ermənistanın Üçtərəfli bəyanat və beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini nəhayət Azərbaycan ərazisindən çıxarması, Ermənistanın fərq qoymadan Azərbaycan ərazilərində mina yerləşdirməsi fəaliyyətini dayandırması, minatəmizləmə fəaliyyəti istiqamətində əməkdaşlıq etməsi və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir. Bu addımlar bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə töhfə verəcək”.

Bizimlə əlaqə saxlayın