E-mail: [email protected]
Böyük Qayıdışa dair I Dövlət Proqramı: Regional sülhə, sabitliyə və inkişafa əsaslanan yeni mərhələ
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun əldə etdiyi tarixi Qələbədən sonra bu torpaqlarda geniş tikinti-quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda bütün infrastrukturlar yenidən qurulur. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə iqtisadi gücünə arxalanaraq böyük işlər görür.
Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, "Ağıllı kənd", “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Ölkə başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib.
2022-ci il may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Prezident İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı bildirmişdi: “Bu gün Böyük Qayıdış dediyimiz prosesə start verildi”.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir.
Sənəddə göstərilir ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin sayəsində 2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.
İlham Məmmədov,
Milli Məclisin deputatı