E-mail: [email protected]
Şuşanın ümumtürk mədəniyyətindəki rolu barədə beynəlxalq konfrans keçirilib
Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə “Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbiri Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent Hacı Həsənov açaraq, Azərbaycanda “Şuşa İli”nin elan olunmasının əhəmiyyətindən, ziyalıların bu istiqamətdə dövlətə dəstəyindən bəhs edib. O, azərbaycanlı alimlərin Şuşa ilə bağlı önəmli işlərə imza atdıqlarını söyləyib.
Millət vəkili Ceyhun Məmmədov qalib xalq olaraq, qələbəmizi daha da möhkəmləndirməyin zəruri olduğunu vurğulayıb. Tarixdən nəticə çıxarmalı olduğumuzu deyən C.Məmmədov, Azərbaycanın xilasının Türk Dünyasının birliyində olduğunu qeyd edib.
Millət vəkili Vüqar Bayramov Şuşanın həm Azərbaycan, həm də bütün türk dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şuşa ilə bağlı Milli Məclisdə ayrıca qanun qəbul edildiyini xatırladan V.Bayramov, azad edilən ərazilərimizin bərpasına milyardlarla manat vəsait ayrıldığını açıqlayıb.
Millət vəkili Jalə Əhmədova da Türk Dünyasında Şuşanın böyük önəminin olduğunu vurğulayıb. O, Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, strateji müttəfiqlikdən bəhs edərək, belə konfransların daha çox keçirilməsinin vacib olduğunu bildirib.
Azərbaycan Vətəndaş Hərəkatının İcraçı direktoru, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü əsasən ziyalıların təmsil olunduğu Hərəkatın yarandığı 3 il ərzində gördüyü işlərdən, keçirdiyi tədbir, görüş, səfərlərdən söz açıb. O, Şuşa və Qarabağla bağlı AVH sıralarında təmsil olunan alimlərin, araşdırmaçıların maraqlı çıxış, kitab, məqalə və s. hazırladığını da diqqətə çatdırıb.
Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy Şəhid və Qazilərimizin qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qorumalı olduğumuzu vurğulayıb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Şuşa şəhərini türk əsrinin dirçəliş rəmzi kimi xarakterizə edib.
Şuşanın xalqımızın qürur mənbəyi olduğunu deyən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, bayrağımızın bu şəhərdə dalğalanmasından sonsuz fəxr hissi keçirdiyini açıqlayıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Əhməd Niyazov tarixi həqiqətlərin arxivlərdə olduğunu deyərək, alimlərimizin bu sahədəki qiymətli tədqiqatlarını beynəlxalq aləmə çıxartmaq lazım olduğunu söyləyib.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə “Şuşa İli” çərçivəsində gördükləri işlərdən danışıb. O, xarici ölkələrdə bu istiqamətdə daha fəal təbliğat aparmağın vacibliyini vurğulayıb.
Çıxışlardan sonra elmi məruzələr təqdim olunub.
ADNSU-nun professoru, tarix elmləri doktoru, professor Camal Mustafayev “Şuşanın yaranma tarixi” mövzusunda məruzə edib. Şuşanı, onun tarixini 20 ildir araşdırdığını deyən professor, şəhərin əsasının qoyulmasının Pənahəli xanın adıyla bağlı olduğunu vurğulayıb. O, Şuşanın məhəllələri, adının mənşəyi ilə bağlı ən son tədqiqatlara əsaslanan fikirlərini bölüşüb. Şuşanı formalaşdıran yerli türk tayfaları haqqında danışan C.Mustafayev Qarabağ xanlığının çar Rusiyasının işğalından sonrakı tarixindən də bəhs edib.
Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı “Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Şuşa və Bakı Bəyannamələrinin rolu” mövzusunda məruzə edib. O, Qarabağ münaqişəsi barədə fikirlərini çatdırdıqdan sonra 10 noyabr 2020-ci ildə imzalanan Şuşa Bəyannaməsinin regionda yeni geosiyasi reallıq yaratdığını açıqlayıb və Azərbaycan-Türkiyə müttəfiqliyinin strateji əhəmiyyətindən bəhs edib.
Türkiyənin Kastamonu Universitetinin professoru dr. Namiq Musalı “Qacarlar dövrünə aid bəzi farsdilli mənbələrdə Şuşa şəhərinin təsviri” mövzusunda məruzəsini videoformatda təqdim edib. O, qədim salnamələrdə və farsdilli mənbələrdə əksini tapmış Şuşa və İrəvan şəhərlərinin Azərbaycana məxsusluğu ilə bağlı mühüm faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Şuşalı ictimai-siyasi xadimlərin Azərbaycan mədəniyyətinə təsiri” mövzusunda məruzə edib. Alim Şuşanın mədəniyyət mərkəzi kimi önəmli bir mövqeyə sahib olduğunu qeyd edib. Şuşalı ictimai-siyasi xadimlərin fəaliyyətindən bəhs edən M.Cəbrayılov, Əhməd bəy Ağaoğlu və digərlərinin türk dünyasına verdiyi töhfələr haqqında da danışıb.
Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Şuşa şəhərində yaradılmış ədəbi-bədii məclislərin şəhərin mədəni həyatına təsiri” mövzusunda məruzə edib. Məruzəsində o, Şuşada fəaliyyət göstərən və dövrün nüfuzlu ziyalılarını birləşdirən ədəbi-bədii məclislərlə yanaşı, Qarabağ musiqisi, Şuşa musiqi məktəbi haqqında da danışıb.
Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, ADPU-nun Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov “1918-1919-cu illərdə Şuşada keçirilən erməni qurultayları və onların AXC üçün nəticələri” mövzusunda məruzə edib. Məruzəsində o, xarici qüvvələrin Qarabağı ələ keçirmək istiqamətində cəhdlərindən danışıb. Tarixdə erməni-azərbaycanlı münaqişəsi haqqında faktlara toxunan T.Cəfərov, Azərbaycan Xalq Cümhuriyyətinin bu yöndə erməni təxribatlarının qarşısını almaq üçün gördüyü işlərdən də bəhs edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmiişçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Yusif Vəzir Çəmənzəminlinin milli fəlsəfə tarixi və ictimai-fəlsəfi görüşləri” mövzusunda məruzə edib. O, Y.V.Çəmənzəminlinin çoxşaxəli fəaliyyəti, onun gördüyü işlərdən bəhs edib. F.Ələkbərli şuşalı xadimlərə – Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli və digərlərinə həsr olunmuş elmi-kütləvi tədbirlərin keçirilməsini vacib sayıb.
Albaniya Azərbaycan Dostluq, Elm və Mədəniyyət Dərnəyinin rəhbəri, Türkiyə tarixi üzrə araşdırmaçı, doktor Entela Muço çıxış edərək, Şuşa şəhərinin türk xalqları üçün əhəmiyyətindən, Şuşanın mədəni nailiyyətlərindən danışıb.
Estoniyada fəaliyyət göstərən "Karyera" Təhsil Akademiyasının rəhbəri Sənəm Əli Azərbaycan mədəniyyətini Avropaya tanıtmağın çox vacib olduğunu söyləyib.
Azərbaycan Vətəndaş Hərəkatının İctimaiyyətlə əlaqələr üzrə kordinatoru Anar Salehoğlu Şuşa və işğal olunmuş torpaqlarımız haqqında Ümummilli lider Heydər Əliyevin fikirlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ərazilərimizin azad edilməsi istiqamətindəki fəaliyyətindən ətraflı bəhs edib.
Rusiyanın Məhkəmə Tikinti və Texniki Ekspertiza İnstitutunun professoru, texniki elmlər doktoru, Türk Kültür Platformasının sədr müavini Rafail Qəribli Şuşa şəhərinin inkişaf perspektivləri ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta təmsil etdiyi ölkənin Şuşaya yatırımlar etmək imkanlarından, Avstraliyada azərbaycanlıların ermənilərə qarşı aktiv fəaliyyət aparmasının vacibliyindən danışıb.
Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi, türkoloq Gülnarə Əliyeva Avropa ölkələrində güclü mövqeləri olan erməni diasporunun yalanlarını ifşa etmək üçün həmin ölkələrə Azərbaycan haqqında tərcümə olunmuş daha çox məlumatın, kitabların, videoçarxların göndərilməsinə ehtiyac olduğunu bildirib.
Pakistanın Kəşmir Gənclər Forumunun icraçı direktoru, tanınmış jurnalist Zaman Bajva Şuşa barəsində düşüncələrindən, Pakistanda Azərbaycanı təbliğ etməsindən, ölkəmizə olan sevgisindən danışıb.
Tədbirdə Şuşa və Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçılara sertifikarlar verilib, xatirə şəkli çəkilib, konfransın materiallarının çap olunacağı, gələcəkdə də bu kimi tədbirlərin davam etdiriləcəyi bildirilib.