13 
apr
2022
11:17
55

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Birinci rübün yekunları müsbətdir: Bəs inflyasiyanı necə cilovlamaq olar?

13 apr, 2022
11:17
755

Pərviz Heydərov yazır...
Cari ilin I rübünün sosial-iqtisadi yekunları həqiqətən uğurludur və bu, dövlət başçımızın sədrliyi ilə sözügedən dövrə dair keçirilən müşavirədə də söylənildiyi kimi məhz keçən ilin nəticələrinin davamı kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyev də müşavirədə qeyd etdi ki, postpandemiya dövrünün tam yetişdiyi haqda danışmaq hələ tezdir. Lakin belə bir vaxtda ÜDM istehsalında 6,8 faiz, qeyri-neft iqtisadiyyatında 10 faizdən çox, sənaye istehsalı sahəsində təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çox artım əldə edilməsi olduqca mühüm göstəricilərdir.
Bununla belə, sözügedən göstəricilər sırasında yenə diqqəti ən çox inflyasiya cəlb edir. Belə ki, yanvar-mart ayları ərzində ölkədə istehlak qiymətləri indeksi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün 17, qeyri-ərzaq 6,2, xidmətlər üzrə isə 10,1 faiz artıb.
Ümumiyyətlə, martda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1, əvvəlki ilin mart ayına nisbətən isə 12,1 faiz yüksəlib. Qeyd olunan ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin mart ayına nisbətən isə 16,8 faiz bahalaşma nəzərə çarpıb.
Xatırladım ki, bir sıra ekspertlər, o cümlədən bu sətirlərin müəllifi tərəfindən, qiymət yüksəlişinin nəhayət bu ilin ilk yarısının sonuna yaxın səngiyəcəyi proqnoz edilirdi ki, buna istehsal, tədarük və ticarət sahələrinin pandemiyadan çıxandan sonra əvvəlki güclərini bərpa edəcəkləri və dövriyyəyə tam qayıdacaqları gözləntisi əsas yaradırdı.
Ancaq belə olmadı.
Ona görə yox ki, qeyd edilən gözlənti doğrulmayıb. Əksinə, iqtisadiyyat keçən ilin yekunlarına əsasən özünə qayıtdı və 2020-ci ildəki 4,3 faizlik tənəzzül 2021-ci ildə 5,6 faiz artımla əvəz olundu.
Sadəcə, inflyasiya və istehlak qiymətlərinin artması bu il əlavə qızışdırıcı təsir - katalizator əldə etdi ki, söhbət, Rusiya-Ukrayna müharibəsindən gedir.
Məhz bu amil, bahalaşmanı səngiməyə qoymadı və qoymur.
Yeri gəlmişkən, dövlət başçısı müşavirədə qeyd etdi ki, son üç ayda inflyasiya 18 faizə qalxıb. "Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir."- deyə, Prezident əlavə etdi.
Ümumiyyətlə, ötən yazılarımda da qeyd etdiyim kimi, Rusiyanın Ukraynaya müdaxiləsi gözlənilmədiyindən müharibənin təsirləri nəzərə alınmamışdı. İstənilən müharibə şəraitində isə bütün növ iqtisadi sistem və əlaqələr qırılır, istehsal zəifləyir və dayanır, təklif enir. Bu, özünü ilk növbədə xüsusən ərzaq məhsullarında büruzə verdiyindən bahalaşma dalğa şəklini alaraq istər-istəməz bütün digər məhsullara sirayət edir. 
Hazırda vəziyyət elədir ki, proqnoz vermək heç də düzgün və mümkün deyil. Qeyd olunanlar xüsusda ən düzgünü əslində Azərbaycan hökumətinin tutduğu mövqe və yanaşma hesab olunur ki, təqribən bir ay öncə antiinflyasiya tədbirləri, ardınca isə müəyyən qrup məhsulların ölkədən kənara daşınmasına nəzarət etmək, yəni bu sahədə də müvafiq tənzimləyici siyasət yürütmək haqda qərarlar verildi. Və bu, olduqca böyük əhəmiyyət daşıdı və daşıyır.
Diqqət yetirək, Dünya Bankı (DB) da bu il ölkəmizdə inflyasiya üzrə illik proqnozu 9 faizə qaldırıb, hansı ki keçən ilin oktyabrında isə açıqlamışdı ki, 4,5 faiz olacaq. 2023-cü il üçünsə əvvəl 4,1 faiz, indi isə 6,6 faiz təşkil edəcəyini bildirib.
Lakin beynəlxalq qurumların proqnozları ümumiyyətlə, nisbi olduğundan önəmli deyil. Söhbət sadəcə olaraq, qlobal tendensiyadan getdiyindən əsas mövzu da əslində inflyasiyanın hansı səviyyədə olduğu və olacağından deyil, məhz kənar təsirlərin və alovlandırıcı amillərin necə məhdudlaşdırılacağından ibarət sayılır.
Təkrar edirəm, bahalaşma keçən ilin əvvəlindən müşahidə edilir və bu, özünü ən çox ərzaq məhsullarında göstərir. 2021-ci ildə 2-4 faiz aralığında nəzərdə tutulsa da, illik inflyasiya 12 faiz təşkil etdi. Ərzaq məhsullarının bahalaşması 15,8 faiz təşkil etməklə, ümumi inflyasiya həddinin təxminən 3/5 hissəsinə bərabər oldu.
Eyni tendensiya bu gün də qalmaqda davam edir. Belə ki, inflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən çox təşkil edir. Başqa sözlə, qiymət yüksəlişin əsas təkanverici qüvvəsi eyni olaraq qalır.
Bu il ölkəmizdə illik inflyasiya üzrə hədəf diapazonu 2-6 faiz nəzərdə tutulub ki, Mərkəzi Bank (AMB) isə 6,6-7,5 faiz təşkil edəcəyini deyib.
Yeri gəlmişkən, rəsmi statistikaya əsasən 2021-ci ildə illik inflyasiya 12, orta illik isə 6,7 faiz təşkil etmişdi. Proqnoz isə 2-4 faiz aralığında idi.
Hər halda, inflyasiya hücumu dalğasına qarşı hökumətin real olaraq qurduğu sədlər və hazırlamaqda olduğu “səngərlər” kifayət qədər güclü hesab edilir ki, Prezidentin sədrliyi ilə keçirilən müşavirədə söylənilən fikirlər bir daha belə deməyə əsas verir. 
Misal olaraq İqtisadiyyat naziri Mikayıl Cabbarovun inflyasiyanı aradan qaldırmaq üçün müşavirədə söylədiyi AMB-lə digər aidiyyəti qurumların birgə qısamüddətli tədbirləriylə yanaşı, orta və uzunmüddətli tədbirlərə də ciddi ehtiyac olduğu fikrini əsas gətirmək olar ki, bu sahədə müvafiq addımların atılması olduqca vacib sayılır.

Bizimlə əlaqə saxlayın