E-mail: [email protected]
“Müstəntiqdən Baş prokurora qədər hər kəs məsuliyyət daşıyır” - Qaralova ağır ittiham
Milli Məclisin sonuncu iclasında Azərbaycan hərbçilərinin aşağılandığı “Tərtər işi” yenidən gündəmə gətirilib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Tərtər hadisələrindən danışaraq, Hərbi Prokurorluğun ləğv olunmasını, keçmiş baş prokuror Zakir Qaralovun Ali Baş Komandan, Azərbaycan xalqı və “Tərtər işi” qurbanlarından üzr istəməsini tələb edib.
Zahid Oruc 405 nəfəri satqınlıqda günahlandırmağın bağışlanmaz xəyanət olduğunu söyləyib.
“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər” - komitə sədri əlavə edib.
Məsələ ilə bağlı Modern.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, məsələ yaxşıca araşdırılmalı və məsuliyyət daşıyan hər kəs cəzalandırılmalıdır:
“Hazırda “Tərtər işi” Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılır. Araşdırma dərin aparılmalı, kim bu işdə günahkardırsa, cəzalandırılmalıdır. Heç şübhəsiz, sabiq Baş prokuror da ittiham olunursa, onun da məsuliyyəti müəyyən edilməlidir. Ancaq Baş Prokurorluq da tək olmayıb. Yəni vaxtilə dörd qurum məsələ ilə bağlı bəyanat verib. Ancaq səhv etmirəmsə, işə Baş Prokurorluq nəzarət etməliydi. Nəzarət olmayıbsa, deməli, müstəntiqdən Baş prokurora qədər hər kəs məsuliyyət daşıyır”.
İ.İsmayılın sözlərinə görə, Zakir Qaralovun təkcə üzr istəməsiylə məsələ həll olunmur:
“İnsanlara işgəncə verilibsə, ölüm hadisəsi olubsa, üzr istəmək heç nəyi həll edə bilməz. Eyni zamanda, ortada ağır bir ittiham-xəyanət ittihamı olub. Məsələyə düzgün nəzarət etməyən şəxs bütün bunlardan sonra üzr istəsə belə, bu, onu cinayət məsuliyyətindən yayındıra bilməz”.
Xatırladaq ki, bir müddət öncə Ali Məhkəməsinin Plenumu dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar baxaraq, həmin qərarları ləğv edib. Bundan sonra müvafiq məhkəmələr tərəfindən qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən onlara bəraət verilib və azadlığa buraxılıblar.
Bəraət alanlar ümumilikdə 19 nəfərdir.
Onu da bildirək ki, "Tərtər işi" nəticəsində 10-dan çox hərbçi qətlə yetrilib, 2000-ə yaxın hərbçi ağır işgəncələrdən keçib, pis rəftara məruz qalıb, ləyaqətləri alçaldılıb.