E-mail: [email protected]
Baş nazirdən işsizlik sığortası ilə bağlı QƏRAR
Nazirlər Kabineti "Sığorta ödənişinin verilməsi Qaydası"na dəyişiklik edib.
Turkdunyasi.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 35 aydan 30 aya endirilib. Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib. Yəni sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.
Qeyd edək ki, daha əvvəl 4.10-cu bəndə əsasən, "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra minimum sığorta ödənişi təyin edilirdi.