E-mail: [email protected]
Qudaların “korrupsioner şəbəkəsi”
Bu gün ölkəmizdə iqtidar komandasında təmsil olunan qudalar barəsində mediada kifayət qədər məlumatlara rast gəlmək olar. Sirr deyil ki, bir çox iri ranqlı məmurlar həm də bizneslə məşğul olurlar və vəzifə səlahiyyətlərindən biznes maraqlarının qorunması üçün istifadə edirlər. Eyni zamanda mövqelərini möhkəmləndirmək üçün qohumluq əlaqələri yaradan məmurlar işgüzar əlaqələr də qururlar. Bu yazımızda 3 qudanın biznes imperiyasından, qanunsuz əməllərindən söhbət açacağıq.
Hər il milyonlarla dövlət vəsaitinin ayrıldığı AAYDA-nın qüsurlu fəaliyyəti, burada baş tutan bir çox qanunsuz əməllər barəsində mediada yüzlərlə məlumata rast gəlmək olar. Ölkə başçısı Saleh Məmmədovu bu vəzifəyə təyin edib, ölkə yollarını yüksək səviyyədə qurmağı ona tapşıranda qarşısında ciddi tələblər qoymuşdu. Amma hamıya gün kimi aydındır ki, ölkənin yolları bərbad vəziyyətdədir, istismara veriləndən qısa müddət sonra dağılır. Ölkənin bir çox yollarında, o cümlədən Bakı-Quba yolunda qüsurların olması, Zığ-Hövsan yolunda yarımçıq işlərin başa çatdırılmaması, yolların bir tərəfinin hələ də açılmaması, işıqlandırılmaması nəticəsində demək olar ki, hər gün həmin yollarda avtomobil qəzaları baş verir. Yollarda çökmə, natamam işlərin nəticəsində yaranan boşluqlara görə sürətli gedən maşınlar idarəetmədən çıxır, çox sayda insanın ölümü baş verir. Bütün bu qəzaların baş verməsində əsas günahkar olan AAYDA isə nədənsə məsuliyyətdən kənarda qalır…
Əvəzində S.Məmmədovun yaxın qohumları ilə əlbir olaraq dövlətin ayırdğı vəsaitlərin tender və digər layihələri icrası yolu ilə taladığı barədə son illərdə aktualxeber.az-da və mediada xeyli məlumatlar yayılmışdır. Saleh Məmmədov Azərbaycanda qazandığı milyonları xaricə daşıyaraq böyük biznes şəbəkəsi formalaşdırıb. Onun oğlu Sübhan Məmmədli Türkiyə, Avstriya və Böyük Britaniyada şirkətlər açıb. Göründüyü kimi Saleh Məmədovun oğlu, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin kürəkəni çox gənc yaşında adını milyonçular sırasına yazdıra bilib. O da maraqlıdır ki, milyonlarla vəsait məhz xarici ölkələrə daşınıb, yatırımlar edilib.
Öz əməllərinə görə heç də qudasından geri qalmayan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev də oliqarx məmurlar kateqoriyasında ön sırada gələnlərdəndir. Verilən məlumatlarda bildirilir ki, QSC-nin sədri Rauf Vəliyev hər ay nəzarətindəki gəmilərin hər birindən 30-40 min manat civarında gəlir əldə edir. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə də vergi ödənişi edir. Həmçinin gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə aktualxeber.az-a daxil olan informasiyalar daha ciddi qanun pozuntularından xəbər verir. Əldə etdiyimiz məlumatlara görə, mənimsənilən milyonların qarşılığında gəmi və tankerlərə texniki xidmət demək olar ki, həyata keçirilmir. Məhz buna görə də, tez-tez Xəzər Dəniz Gəmiçiliyinə aid gəmi və tankerlərdə texniki nasazlıqlar baş verir.
AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov sədr Saleh Məmmədovun qudasıdır. Saleh Məmmədov bir çox böyük layihələrə rəhbərliyi məhz Əflatun Qasımova həvalə edir. Niyə? Təkcə onu demək kifayət edir ki, Əflatun Qasımov son 5 ildə Bibiheybət yolunun 3 dəfə üçması nəticəsində milyonlarla manat dövlət vəsaitini təyinatından kənarlaşdırıb. Kənarlaşdırmayıbsa, onda bu yol niyə uçub? Və hələ də uçur?… Bu şəxs, Agentlik sədrinin qudası olmasına arxalanaraq məsul olduğu sahədə ağalıq edir və dövlət tərəfindən ona həvalə edilmiş vəzifədən miras kimi istifadə etdiyi diqqətə çatdırılır. Belə ki, Avtoyolda saxlanma üzrə ixtisaslaşan yüzə yaxın idarənin əksəriyyətinin hazırda iflic vəziyyətdə olduğu, yalnız Ə. Qasımova yaxınlığı ilə seçilən strukturların maliyyələşdiyi qurum daxilində heç kimə sirr deyil. Bir çox idarələrin külli miqdarda borclarının olduğu halda ödənişlər edilmir. Xüsusilə yanacağa və digər müəssisələrə. Ayrılan vəsaitlər isə qeyri-obyektiv şəkildə paylanır. Ə.Qasımov həm də “otkat” kralı kimi də ad çıxarıb. Belə ki, o, bir çox idarələrə işlərin icrasından bir müddət keçdikdən sonra maliyyə ayrılmasına razılıq verir. Bu yanaşmanın özü də ciddi qanun pozuntusu kimi qiymətləndirilə bilər. Həmçinin bildirilir ki, bu idarələrə ayrılan vəsaitlərin 35 faiz həcmini “otkat” olaraq geri istəyir. Acınacaqlı durumda olan idarələrin rəhbərləri isə iş yerlərini itirmək qorxusundan vəziyyəti qabartmağa səy göstərmirlər. Düzgün audit aparılsa bu nöqsanlar da üzə çıxar… Ə. Qasımov bununla yanaşı, AAYDA-nın fəaliyyət istiqamətləri üzrə elan olunan tenderləri də öz kurasiyasına keçirməyə müvəffəq olub. AAYDA-nın son iki il ərzində elan etdiyi tenderlərin yalnız bir-iki şirkət tərəfindən həyata keçirildiyi bunu deməyə əsas verir.
Bu işlərdə təbii olaraq Ə. Qasımova hazırda AAYDA-nın Maliyyə müdiri vəzifəsində işləyən Müseyib Həmzəyevin dəstək olduğu araşdırmalar zamanı aşkar edilib. Belə ki, yuxarıda qeyd olunan maxinasiyalar qurumun korrupsiyaya bulaşmış idarəsi tərəfindən həyata keçirilir. Qeyd olunmalıdır ki, M.Həmzəyevin köməkliyi ilə quruma illik gələn audit və vergi yoxlamaları məlum üsullarla razı salınır. Bu səbəbdən hazırda AAYDA sistemində mövcud olan qanunsuzluqlar üzə çıxarılmır. Əflatun Qasımovun dostu və Maliyyə İdarəsinin rəisi işləyən Müseyib Həmzəyev də AAYDA sədrinə quda olmasa da, ona lap yaxınlığı ilə tanınan şəxslərdəndir. Onların qanunsuz əməllərinin əlaqədar qurumlar tərəfindən tezliklə aşkar edilərək cəzalandırılmalarını istəyirik.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.