23 
fev
2023
23:29
88

Tel:+99450 352 82 91
E-mail: [email protected]

TƏBİB sədrindən müəmmalı təyinat: 71 yaşlı müşavir necə baş həkim oldu?

23 fev, 2023
23:29
1288

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri olmuş Elmir Bəşirovun Respublika Klinik Xəstəxanasının baş həkimi təyin olunması ilə Əmək Məcəlləsinin pozulduğu iddia edilir. 
 
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, Elmir Bəşirovun hazırda 71 yaşı var. Əmək Məcəlləsinin 10-1.1 maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 
 
Məcəllənin 10-1.2-ci maddəsində isə qeyd edilib ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 
 
Beləliklə, qanun 71 yaşlı Elmir Bəşirovun baş həkim təyin olunmasını qadağan edir. Bəs TƏBİB nə deyir?
 
Qurumdan Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Elmir Bəşirovun təyinatı qanun pozuntusu deyil:
 

 
"Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 1.3-cü bəndinə əsasən işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması 70 yaşdan yuxarı işçinin fəaliyyətinə davam etdirilməsi üçün imkan yaradır. Qeyd edək ki, Elmir Bayram oğlu Bəşirov professordur”.
 
Əmək Məcəlləsinin 10-1.3 maddəsində də qeyd edilir ki, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
 
Əmək Məcəlləsinin 10-1.3.-cü maddəsindən də göründüyü kimi, hətta nəzərdə tutulan xüsusi halda belə söhbət işçinin işlədiyi HƏMİN müəssisədə əmək müqaviləsinin uzadılmasından gedir. Qanunun heç bir maddəsində 71 yaşlı işçinin yeni müəsisədə yeni vəzifəyə təyinatına icazə verilmir. TƏBİB sədrinin 71 yaşlı professorun müşavirliyinə ehtiyacı var idisə, onunla müqaviləni daha 1 il uzada bilərdi. Amma onun başqa bir müəssisədə hər hansı vəzifəyə təyin olunması yolverilməzdir. Bunu biz demirik, qanun deyir. Elmir Bəşirovun Respublika Klinik Xəstəxanasına baş həkim təyin olunması, onun çalışma müddətinin uzadılması anlamına gəlmir. Bu, yeni təyinatdır və qanunaziddir. 

Bizimlə əlaqə saxlayın