E-mail: [email protected]
İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi
"Turkdunyasi.az" xəbər verir ki, Azərbaycan Milli Məclisi yeni tərkibdə 2020-ci il fevralı 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdi. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması və Azərbaycan hakimiyyətinə olan yüksək etimadın göstəricisi idi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək məqsədi daşıyırdı. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Məhz bu məsələləri nəzərə alınması əsasında Milli Məclisə keçirilən növbədənkənar seçkilər öz bəhrəsini verir. Keçən zaman ərzində Azərbaycan parlamenti qarşıya qoyulan vəzifələrin və məqsədlərin böyük əksəriyyətinə nail olub. Prezident İlham Əliyev 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı yeni tərkibdə formalaşdırılan parlamenti yüksək qiymətləndirmiş və gələcək fəaliyyətinə böyük ümidlər bəslədiyini vurğulamışdı. Bu günki mənzərə cənab prezidentin sözlərinin reallaşdığını əyani sübut edir və ölkə rəhbərinin uzaqgörənliyindən, siyasi təcrübəsindən xəbər verir. VI çağırış parlamentdə gənc deputatlar da təmsil olunurlar. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.
Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir. Azərbaycanın xarici siyasəti situativ deyil. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.
Anar Salehoğlu,
YAP Yevlax rayon təşkilatının fəalı