E-mail: [email protected]
Fazil Mustafanı kim öldürmək istədi?
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücum heç bir halda adi məişət cinayəti deyil. Hələ konkret rəy bildirmək mümkün deyil, hadisə yeni baş verib və araşdırmalarla təhqiqatlar aparılır. Lakin deputatın siyasi mövqeyi, onun sürəkli tənqid etdiyi rejimin harada yerləşərək nə ilə məşğul olduğunu nəzərə alsaq, ilkin versiyalar irəli sürmək olar.
Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma mərzu qalan millət vəkili Fazil Mustafaya avtomat silahdan çoxsaylı atəş açılıb.
Onun "Kalaşnikov" avtomatından atəşə tutulduğu, məqsədin deputatı qətlə yetirmək olduğu deyilir.
Çiyin nahiyəsindən və ayağından güllə yarası alan millət vəkilinin vəziyyəti qənaətbəxşdir.
DİN mətbuat xidmətindən bildirilib ki, hazırda əməliyyat istintaq qrupu hadisə yerindədir, hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.
Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerində olublar.
TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına F.Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Deputat əməliyyat olunub və cərrahiyyə əməliyyatı bitib. Onun Bakıdakı özəl klinikalardan birinə köçürüləcəyi bildirilir
Bu hücum niyə oldu, kim və ya kimlər tərəfindən edildi, məqsəd nədir?
Suallar çoxdur və onları konkret, dəqiq cavablandırmaq təbii ki, mümkün deyil. Hücuq-mühafizə və prokurorluq orqanları təhqiqat aparır, cinayəti araşdırırlar. Dəqiq təsbit edilməmiş iddialara istinadən fikir yürütmək də sadəcə, deduksiya olardı.
Amma hər şeyə rəğmən, danılmaz, az qala aksimomatik təsir bağışlayan məqamlar var.
Hadisələrin xronologiyasına diqqət yetirək.
Srağagün Azərbaycanda İranın xüsusi xidmət, kəşfiyyat strukturlarına casusluq edən şəxslərə qarşı xüsusi əməliyyat barədə geniş informasiya yayıldı. Vətənə xəyanət etmiş şəxslər, onların çirkin əməlləri barədə məlumatlar verildti.
Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin peşə bayramı idi.
Bu gün İsraildə Azərbaycanın səfirliyinin rəsmi açılışı olacaq.
Dünən deputat Fazil Mustafa Zabratdakı evinin qarşısında güllələnir.
O, sərt və qətiyyətli anti-İran ritorikası ilə tanınır.
Ən nəhayət, dünən İranın Sərhəd Qoşunlarının komandanı general Əhməd Əli Kuderzi Azərbaycanla sərhədə gəlib.
İranlı general sərhəddən Azərbaycan və Ermənistana mesajlar verib.
“Biz qonşularımıza qarşılıqlı hörmətlə yanaşırıq. Azərbaycanla Ermənistan arasındakı problemin diplomatik yolla həll ediləcəyinə ümid edirik. Bütün dünyada müharibələrin olması və qan tökülməsi məsələnin həllinə kömək etmədi. Bəzi qonşularımızın problemi diplomatik yolla həll etmək üçün bölgədə təhlükəsizliyin təmin edilməsini istəyirik və bunu tövsiyə edirik”, - deyə Əhməd Əli Kuderzi bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Ramazan Şərif isə deyib ki, İran öz maraqları ucbatından öz sərhədləri yaxınlığında İsrail bazalarının yerləşdirilməsinə dözmür.
“İsrail rəsmi şəkildə bəyan edib ki, İranın öz sərhədlərində yerləşdirilməsi və varlığının gücləndirilməsinin əleyhinədir və buna görə də üzvlərimizə qarşı terroru və bazalarımızın məhv edilməsini ciddi şəkildə izləyir. Beləliklə, biz də belə bir siyasət yürütərək, sərhədlərimizdə İsrail bazalarının yerləşdirilməsinə dözmürük. “İsrail tərəfindən hər hansı cinayət düşüncəsi aşkar olunarsa, bizim qətiyyətli cavabımız təkrarlanacaq və biz heç vaxt xalqın maraqlarından kənara çıxmayacağıq”, - deyə o, yekunlaşdırıb.
Faktlar ayrı-ayrılıqda əlahiddə hadisələr təsiri bağışlaya bilər, lakin bölgədəki vəziyyəti, xüsusilə də İrandakı klerikal rejimin ölkəmizə olan münasibətini, daha doğrusu, münasibətsizliyini nəzərə alsaq, bəzi məqamların üzə çıxmağa başladığını vurğulaya bilərik.
Təsadüfi deyil ki, İran İslam Respublikasının xüsusi xidmət orqanlarına casusluq, Vətənə isə xəyanət edən şəxslərdən biri ifşa edilərək tutulandan sonra ifadəsində deyib: "Bizə tapşırmışdılar ki, tanınmış şəxslərdən birinə hücum edək. Yəni başqalarına gözdağı verək, qorxsunlar".
İranın bölgədə qonşu dövlətlərə qarşı proksi əməliyyatlar aparmaq strategiyasını seçdiyini, istisnasız olaraq bütün həmsərhəd ölkələrdə casus və "təsir agentləri" şəbəkələri quraraq onları Tehrandan idarə etdiyi dəfələrlə sübuta yetirilmiş məsələdir.
Fazil Mustafanın da mütəmadi olaraq Tehrandakı teokratik rejimi sərt tənqid etməsi, Güney Azərabycandakı soydaşlarımızın hüquqlarının kütləvi və total şəkildə pozulmasından bəhs etməsi təbii ki, onu İrandakı hakimiyyət daxilində olan "mühafizəkar"larla radikalların rəğbət bəslədiyi, yaxud soyuqqanlı yanaşdığı siyasətçilər sırasına şamil olunmasına rəvac verə bilməz.
Araşdırmanın və təhqiqatın gedişini, dövlət qurumlarının rəsmi açıqlamalarını gözləyək.
Lakin əyan olan budur ki, hər birimiz dövlətimizin təhlkəsizliyi üçün sayıq olmalı, Azərbaycana qarşı düşmən mövqe tutanları seçməyi bacarmalıyıq.