E-mail: [email protected]
Xəbər başlığı necə seçilməlidir? - MEDİA EKSPERTİ AÇIQLADI
"Elmi nəzəriyyələr jurnalistikaya aid bütün mövzular kimi, xəbərin tərtibatı, onun strukturu məsələsinə də aydınlıq gətirir. Başlıq, yarımbaşlıq, mətn kimi hissələr barədə yetərincə bilgilər verilir. Bunlar jurnalistikaya, mediaya aid ən ibtidai bilgilərdirlər. Jurnalistlər, KİV qurumları, ümumilikdə xəbər istehsalçıları və yayıcıları bu standartları bilməlidirlər". SİA xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, xəbərin başlığı yığcam, həm də mətnə uyğun olmalıdır: "İnformasiyanın ümumi məzmunundan çıxış edərək formalaşdırılmalıdır. Başlıq onu oxuyan və ya dinləyən şəxsdə informasiyanın mahiyyəti barədə ilkin təəssürat formalaşdırmalıdır. Başlıqda ifadə olunan ilkin informasiyadan sonra oxucu qərar verir ki, onun davamını oxumağa dəyərmi, ya yox".
M.Ələsgərli çox təəssüf ki, bəzi KİV qurumları, xəbər istehsalçıları bu kimi təməl prinsipləri pozurlar, həm də çox intensiv şəkildə: "Biz çox tez-tez müşahidə edirik ki, xəbərin başlığında ifadə olunan ilkin informasiya ilə mətndə ifadə olunanlar arasında fərqliliklər mövcuddur. Bu, qeyri-peşəkarlıq əlamətidir. Digər tərəfdən, qeyri-etikdir. KİV qurumunun, xəbər istehsalçısının bu cür davranışı ondan xəbər verir ki, sensassiya yaratmaqla, oxucunu aldatmaqla İP qazanmaq istəyir. Yəni, öz məqsədinə çatmaq üçün oxucunu, dinləyicini aldadır.
Bəzi xəbər saytlarının "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə yaydıqları xəbər də bu qəbildəndir. Oxucular ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb. Əslində xəbəri bu formada yayanlar özləri də bilirlər ki, yazdıqları başlıq çaşdırıcıdır, aldadıcıdır. Amma bunu bilərəkdən edirlər ki, müğənninin məşhurluğundan, izləyicilərinin çoxluğundan faydalanıb İP toplasınlar.
Təbii ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanır. Təkcə müğənninin yaxınlarında deyil, KİV ictimaiyyətinin özündə də narazılıq yaradır. Çünki, belə davranış KİV-lərə qarşı etimadı azaldır. Ümumilikdə peşəkar jurnalistikaya ciddi zərbə vurur".