E-mail: [email protected]
Meyxanaçı “Mahir Ay Brat” saxlanılıb
Polisin keçirdiyi əməliyyat zamanı keçmiş məhkumdan metamfetamin aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Mahir Qonşuyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.
Araşdırmalarla M.Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Sonda sosial şəbəkə istifadəçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayətkarlığı və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyə edirik.