E-mail: [email protected]
Montyorun ölümündə günahlandırılan “Azərişıq” əməkdaşına hökm oxundu
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onlara şərti cəza verilib. Şirvan Apellyasiya Məhkəməsi məhkumların şikayətini, dövlət ittihamçısının isə protestini təmin etməyib.
Qeyd edək ki, 06.02.2022-ci il tarixdə Ağcabədi rayon sakini, 1982-ci il təvəllüdlü Ehtiram Əmirov transformatorda təmir işləri görərkən onu elektrik cərəyanı vuraraq öldürüb.
Müəyyən edilib ki, “Azərişıq” ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağcabədi Elektrik Şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsində işləyən Bəhrəm Quliyev qeyd edilən tarixdə saat 14 radələrində Şənlik kəndində yerləşən transformatorda baş vermiş qəza ilə əlaqədar xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, Ağcabədi Elektrik Şəbəkəsinin paylayıcı şəbəkə sahəsində əvvəllər elektrik montyoru işləmiş Ehtiram Əmirova həmin transformatorun qoruyucularını təmir etməsini tapşırıb.
E.Əmirov təmir işlərinə başlamazdan əvvəl “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin Ağcabədi yarımstansiyasının xidməti telefonuna zəng edərək növbətçi-dispetçer Dilqəm Məmmədova transformatoru elektrik xəttindən ayırmasını bildirdiyi halda sonuncunun səhvi nəticəsində elektrik cərəyanının ötürülməsi davam etdiyindən Ehtiram Əmirov naqillərə toxunduğu anda elektrik cərəyanının vurması nəticəsində ölüb.
Bəhrəm Quliyevə Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), Dilqəm Məmmədova isə həmin Məcəllənin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.