20 
apr
2022
17:51
44

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ekspert: “Qəhrəmanlıq göstərən hərbçilər icra başçısı olsunlar”

20 apr, 2022
17:51
9844

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, Z.Yusibov Daxili Qoşunların Bakıda yerləşən hərbi hissələrinin birinə komandir təyin olunub.
Yeni təyinatla bağlı Bakupost.az -a hərbi-ekspert Üzeyir Cəfərov açıqlama verib.
Hərbi eskpert yeni təyinatın təqdirəlayiq bir addım olduğunu qeyd edib:
“Birinci Qarabağ və İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərən komandirlərin, zabitlərin yuxarı vəzifələrə təyin olunması çox təqdirə layiqdir. Hərbinin əlifbalarından biri də komandirin şəxsi heyətə örnək olmasıdır. Bu nöqteyi-nəzərdən Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Dövlət Sərhəd Xidmətində də 44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən şəxslərin həm rütbələri, həm də vəzifələri artırılıb. Vətən savaşında xüsusi qəhrəmanlıq göstərmiş zabitimiz bu gün Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi vəzifəsini icra edir. Bundan əvvəl orada general-mayor Bəkir Orucov MN-nin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Yəni, zaman-zaman bu işlər həyata keçirilir. Bunun mənəvi tərəfi daha çox önəm kəsb edir. Ona görə də belə komandirlər neqativ hallardan uzaq olan adamlardır”.
Ü.Cəfərov ordudakı neqativ hallara da diqqət çəkib:
“Təəssüflər olsun ki, bu gün cəmiyyətdə olan korrupsiya, rüşvətxorluq kimi neqativ hallar orduda da var. Ordu cəmiyyətin ayrılmaz bir hissəsidir. Ona görə də bu kimi təyinatlar daha çox həyata keçirilməlidir ki, orduda inkişaf daha da sürətlənsin. Bizim kifayət qədər generallarımız və komandirlərimiz var. Məsələn, general-leytenant Yaşar Aydəmirov Beyləqanda birləşmə komandiri, yaxud polkovnik Şair Ramaldanov Şəmkirdə korpus komandiri olub. Bu gün ikisi də ehtiyatdadır. Bu adamlar o bölgənin hərbi, siyasi, iqtisadi vəziyyətini daha yaxından bilirlər. Təklif etmişdim ki, cənab Prezident bu adamlara hərbidə necə etimad etmişdisə, onların hər birinin öz xidmət etdikləri ərazidə icra başçısı təyin edilsin. Bu insanlar məsələnin hərbi tərəf ilə yanaşı, həm də cəbhəyanı rayonlar olduğuna görə nəyi necə etməli olduqlarını daha yaxşı bilirlər”.
Hərbi-ekspert bu təyinatların mənəvi tərəfləri haqqında da danışıb:
“Digər tərəfdən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında şəxsən iştirak edən zabitlərimizin korpus komandiri, qərargah rəisi vəzifələrinə təyin olunması çox müsbət addım olar. Azərbaycan üçün bacarıqlı, istedadlı kadrların vəzifələrə təyin olunması həm də nümunədir. Cəmiyyətdə bu insanlara xüsusi hörmət olduğu üçün onlar irəliyə çəkilməlidir. Bu təyinatların mənəvi tərəfi ondan ibarətdir ki, insanlar həm şəxsi nümunə olaraq, həm də bilik və bacarıqları ilə Vətənə, dövlətə xidmət edirlər. Hesab edirəm ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan hər kəs layiq olduğu qiyməti almalıdır. Bu gün 12 mindən artıq insanın Vətən Müharibəsində iştirak etməsinə baxmayaraq, hələ də Müharibə Veteranı vəsiqəsi almayıb. Nə qədər hörmətli insanlar vəzifələrə təyin olunacaqsa, cəmiyyətin də o kateqoriyadan olan insanlara münasibəti fərqli və etimad limiti daha da yuxarı olacaq”.

Bizimlə əlaqə saxlayın