E-mail: [email protected]
“Azərbaycanın böyük dostunun vəfatı bizi kədərləndirdi” - İlham Əliyev
Keçmiş hakim Həsən Əliyevə qarşı dələduzluq etmiş sabiq prokuror Mirələkbər Seyidovla bağlı maraqlı faktlar üzə çıxıb.
Turkdunyasi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində M.Seyidov dostu H.Əliyevdən aldığı 200 min dolları Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə verdiyini deyib.İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə Həsən Əliyevə onun məhkəmə sədri təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verərək 200 min dollar pul alıb. H.Əliyev aldadıldığını anlayandan sonra M.Seyidovdan şikayət edib. M.Seyidov isə ona bildirib ki, aldığı pulları Ramiz Mehdiyevə verib və işi o həll edəcək.
Fotoda keçmiş prokuror Mirələkbər Seyidov
H.Əliyev ifadəsində M.Seyidovun rayon prokuroru təyin edilməsinə görə ona inandığını deyib: “Lakin bir müddət sonra o işdən çıxarıldı və barəsində cinayət işi başlanıldı. 2014-cü ildə isə məni sərəncama verdilər və barəmdə cinayət işi açıldı. 2015-ci ilin 1 aprel tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildim və yeddi il həbs cəzası aldım.
Gəncə şəhərində 2 saylı İstintaq Təcridxanasında saxlanıldığım vaxt oğlum Mirələkbərlə yanıma gəldi. Mirələkbər ona kimi məndən aldığı pulun 100 min dollarını geri qaytarmışdı. O, təcridxanaya gəlib mənə səbirli olmağımı, pulumu qaytaracağını, həbsdən azad olunmağıma kömək edəcəyini bildirdi. Lakin hər dəfə bəhanələr gətirirdi. 2020-ci ilin 1 aprel tarixində azadlığa çıxdım. Yenə Mirələkbərlə əlaqə saxlayıb pulumu tələb etdim. Mirələkbər nə mənim pulumu qaytardı, nə də ki, pulu verdiyini dediyi şəxslərdən istəməyə getdi. 2022-ci ilin fevral-mart aylarında 100 000 ABŞ dolları məbləğində pulun geri qaytarılması məqsədilə Mirələkbərlə Nəsimi rayonu ərazisində yerləşən “Koala” parkda görüşdüm. Pulumu tələb edərkən, Mirələkbər məndən aldığı pulları həmin vaxt Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləmiş Ramiz Mehdiyevə verdiyini, hazırda pulları R.Mehdiyevdən ala bilmədiyi üçün qaytara bilmədiyini bildirdi. Həmin vaxt Mirələkbərin dediklərini telefonla qeydə aldım”.
Telefonla qeydə alınmış bir sıra danışıqlar cinayət işində sübut kimi qiymətləndirilib. Mirələkbər Seyidovun Həsən Əliyevin oğlu ilə danışığında qarşı tərəfi Ramiz Mehdiyevlə hədələməsi məlum olub: “Gəlib kabinetdə mənə pul verib, danışmışam “200 manat” filankəsə pul vermişəm, sonra geri gəlib deyib ki, yox, mənim imkanım yoxdur. 100 manat da pulunu qaytarmışam. Qoy getsin şikayət eləsin, mənə də yeddi il iş versinlər, Telman Mehdiyevə də, Ramiz Mehdiyevə də ittiham versinlər”.
Fotoda sabiq hakim Həsən Əliyev
M.Seyidov pulu Moskvada verdiyini bildirib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tərəflərin barışması, dəymiş ziyanın ödənilməsi bildirilib və H.Əliyev keçmiş prokurordan şikayətçi olmayıb. Mirələkbər Seyidova sınaq müddəti təyin edilməklə şərti cəza verilib.