E-mail: [email protected]
“Bir neçə saatdan sonra çox şey dəyişəcək” - AÇIQLAMA
“Bir neçə saatdan sonra Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda Ermənistanın Azərbaycanla bağlı şikayətinə baxılacaq. Əsasən, Fransanın təhriki ilə TŞ-nin müzakirəsinə çıxarılan bu məsələ Azərbaycana təzyiq xarakteri daşıyır”.
Bunu KONKRET.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Əlavə edib ki, hazırda dramatik vəziyyət yaranıb:
“Ötən ilin dekabrında fransızlar yenə də BMT vasitəsilə Azərbaycana təzyiq etmək istədilər. Amma onların bu fitnələri Azərbaycana dost ölkələr tərəfindən dəf edildi və Fransanın oyunbazlığı keçmədi. Ermənilər Fransanın təhriki və dəstəyi ilə Azərbaycanı “humanitar böhran”a görə yenidən BMT TŞ-yə şikayət ediblər. Məsələ qəbul edilib və bu gün Bakı vaxtı ilə saat 15:00-da müzakirələr başlamalıdır”.
Politoloq hesab edir ki, bu, tam əsassız müzakirədir: “BMT TŞ sülh və təhlükəsizlik üçün əhəmiyyətli məsələləri müzakirə etməlidir. Dünyada sülhün və təhlükəsizliyin yaranması üçün səy göstərməlidir. İndi bir ovuc erməni guya qıtlıq çəkdiyini, humanitar problemlərlə qarşılaşdığını əsas gətirərək, Azərbaycan haqqında olmazın uydurmalar və iyrənc böhtanlar yağdırmağa çalışır. BMT TŞ-nin belə kiçik məsələlərə yanaşma tərzi nüfuzunu aşağı salacaq. Çünki belə məsələlər BMT-nin müzakirəsinə çıxarılmamalıdır. Təşkilatın faktaraşdırıcı missiyası var, həmin missiya gəlib məsələni yerində yoxladıqdan sonra hər hansı tövsiyə xarakterli fikirlər irəli sürə bilərdi. Amma heç bir araşdırma aparılmayıb, ermənilərin bilavasitə təhriki və müraciətləri əsasında müzakirə açılması heyrət doğurur.Q.Hüseynli xatırladıb ki, BMT-nin yüzlərlə qətnaməsi var ki, heç kəs onun yerinə yetirilməsi üçün addımlar atmır:
“Məsələn, İsrail – Fələstin münasibətlərində qəbul edilən 300-dən artıq qətnaməni göz önünə gətirmək lazımdır. Misirlə bağlı qətnamələr var. Mərkəzi Afrika Respublikası ilə bağlı qətnamələr var ki, bunların heç bir təsir gücü olmayıb.
Həmçinin, Birinci Qarabağ müharibəsi dövründə 4 qətnamə qəbul edilmişdi. Lakin bu qətnamələrin icrası istiqamətində BMT bir addım da atmadı. Həmin qətnamələrdə suveren dövlətin ərazilərinin başqa bir dövlət tərəfindən işğalı qeyd edilirdi. Bölgəyə nə sülhməramlı qüvvələr göndərildi, nə də Ermənistan siyasi ittihama məruz qaldı. Bununla da Ermənistan kimi kiçik bir dövlət BMT-nin 4 qətnaməsini yerinə yetirməkdən imtina etdi. Ekspert əlavə edib ki, Azərbaycanın BMT-də ədalətli və obyektiv dostları var:
“Təbii ki, Böyük Britaniyanı nəzərdə tuturam. Zənnimcə, Rusiya regionda Fransanın istəklərinə qarşı siyasət yürütməlidir. Rusiyanın regionda ciddi geosiyasi maraqları olduğundan çox güman ki, ruslar BMT-də hər hansı qərarın qəbul edilməsinin əleyhinə çıxacaq”.“BMT TŞ-nin 5 daimi üzvündən əlavə, 10 qeyri-daimi üzvü də var. Bunların arasında Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri olan ölkələr yer alır. Bunlar Albaniya, Birləşmiş Ərəb Əmirlikləridir. Mali Respublikası Azərbaycanın Qoşulmama Hərəkatında əməkdaşlıq etdiyi ölkədir. Hətta Azərbaycan bu ölkəyə pandemiya vaxtı vaksin yardımı da edib. Deməli, bizim də kifayət qədər tərəfdarlarımız var. Belə baxanda oradakı qüvvələr bərabərdir”, – deyən politoloq fikrini tamamlayıb.
Vəli Həsənov,