30 
avq
2023
12:49
110

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Hakim Siyavuş Hacıyevin qərəzli mövqeyi - NARAZILIQ VAR!

30 avq, 2023
12:49
7110

Bir müddət əvvəl xəbər yayıldı ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev ona təyin edilən pensiyanın məbləği ilə razılaşmayıb və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin qərarından şikayət edib və şöbəni cavabdeh kimi işə cəlb edib.
Düzü, KİV S.Hacıyevin şikayətinin axırının necə olduğunu gündəmə gətirmədi. Əslində məsələnin maraqlı tərəfi heç də hakimin iddiasının təmin olunub-olunmaması deyil. Sual bundan ibarətdir ki, S.Hacıyev bir hakim kimi işləyərkən aldığı məvacibi haqq edibmi ki, hələ bir artıq pensiya üçün də dava açmağa haqqı çatsın? Yeri gəlmişkən, S.Hacıyevdən bir qədər öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov da pensiyasının artırılması üçün məhkəməyə müraciət etmişdi, amma nəticəsini görməyə ömrü vəfa etmədi.
Bu günlərdə mediada yayılan “Məhkəmə hakimi Siyavuş Hacıyev görkəmli siyasi xadim Ruhulla Axundovun nəvəsinin qanını niyə batırır” sual başlıqlı məqalə oxucuların marağına, həm də təəssüfünə səbəb olmuşdu. İctimaiyyət Məhkəmə-Hüquq Şurasının bu məsələyə münasibət bildirəcəyini gözləyir. Xatırladaq ki, hakim S.Hacıyev 2020-ci ilin dekabr ayının 4-də avtomobillə vurulan Axundov Ruhulla Rufiq oğlunun ölümünün səbəbkarlarına həddindən çox yüngül cəza kəsməsi ilə təəccüb doğurmuşdu.
Sitat: “Nədənsə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrlik etdiyi 15 noyabr 2022-ci il tarixli məhkəmə nədənsə elə qərara gəlmişdir ki, piyadanın ölümünə ona sağ kənar güzgüsü ilə toxunan və yalnız yerə yıxılmasına səbəb olan birinci maşın səbəb olub, yıxıldığı yerdə üstündən keçən ikinci maşın deyil. Bununla da toqquşan avtomobillər arasında ən bahalısı olan “Porsche”nin (digərləri firma maşınlarıdır) sürücüsü Quliyev Səftər Əziz oğlunun “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar 5 noyabr 2021-ci il tarixdə elan edilmiş Amnistiyaya düşməsi təmin edilib. Maraqlıdır ki, toqquşan maşınların sahiblərinə də, zərərçəkmiş qismində tanınan ölmüş piyadanın bacısına da dəyən ziyanlar pul ifadəsi ilə təqsirkarlar tərəfindən ödənilmiş, bir-birlərinə qarşı şikayət və tələbləri olmamışdır. Bundan başqa, Ömərov Vaqif Zakir oğlunun hərəkətlərində isə cəzasını yüngülləşdirici hallar “tapılmış”, guya Ömərov Rusiyada aldığı sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək lazım olduğunu bilməmişdir. Həmçinin, ”müəyyən olunmuşdur ki”, Ruhulla Axundov həmin yerdə yeraltı piyada keçidi olsa da, yolu piyada keçidi olmayan yerdən keçmişdir. Bütün bunlar azmış kimi, məhkəmə-kimya tədqiqatı Ruhulla Axundovun qanında güclü dərəcəli alkoqol sərxoşluğuna uyğun gələn etil spirit “aşkar” edib”.
Nə isə, yaxşı ki, hakim S.Hacıyev mərhum Ruhulla Axundovun yolda iki avtomobili vurub əzdiyi qənaətinə gəlməyib.
Yeri gəlmişkən, sözügedən məhkəmə qərarı S.Hacıyevin mübahisə doğuran nə birinci, nə də axırıncı qərarıdır.
Həmin məqalədə sonda yer alan bu cümlələr isə oxucular tərəfindən xüsusi maraqla qarşılanmış və yazılan şərhlərdə altı cızılmışdı: “O da məlumdur ki, ötən əsrin 30-cu illərindəki repressiya dövründə “xalq düşmənlərini” Stalin özü güllələmirdi, bunu hər millətin “sapı özündən olan baltalarının” əli ilə həyata keçirirdi. Kim bilir, indi Ruhulla Rufiq oğlu Axundovun qanını batıranların zatını-kökünü axtarsaq, bəlkə də məlum olar ki, Ruhulla Əli oğlu Axundovun ayağının altını qazıb güllələtdirən mərdimazarlar onların babalarıdır”.
Yeri gəlmişkən, sözügedən məhkəmə qərarı S.Hacıyevin mübahisə doğuran nə birinci, nə də axırıncı qərarıdır.
Məsələn, hakim S.Hacıyevin Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri – Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənova, departamentin baş mühasibi İlqar Hacıyevə və əməkdaşlar Orxan Qasımova, Tural Hacızadəyə və Təbriz Əliyevə oxuduğu hökm (təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib, məhkəmə zalından azadlığa buraxılmışdılar) də həddən ziyadə “humanist” dəyərləndirilmişdi. Halbuki, onlar nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəmişdilər.
Üç ay əvvəl isə Bakı sakini Şahbala Binyətov oğlu Röyal Şahmuradovun əsassız yerə həbs olunduğunu iddia etdi. Vətəndaş məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqinə və məhkəməyə qarşı ittihamlar səsləndirmişdi: “Siyavuş Hacıyev heç bir sübut olmadan, zərərçəkənin ifadəsini dinləmədən, sadəcə prokurorluqdan çəkindiyi üçün ədalətsiz qərar verdi. Dedi ki, mən karyeram boyu bəraət verməmişəm, verə bilmərəm”.
Binyətov həmçinin qeyd etmişdi ki, Röyal Aprel döyüşlərinin iştirakçısı, digər oğlu isə Vətən Müharibəsi qazisidir. Yəqin, hakim S.Hacıyev elə düşünür ki, adam müharibədə düşmən öldürməyə qadirdisə, dinc dövrdə də qatil ola bilər. Zərərçəkənin (Röyalın dostunun) içkili halda özü-özünə xəsarət yetirdiyini deməsi də, şahidlərin bunu təsdiqləməsi də hakimin qaraladığı şəxsi onun bəd niyyətindən qoruya bilməz.
Belə qənaətə gəlmək olar ki, hakim S.Hacıyev sadə adamlarla işi yoxdur. O, yalnız Vətən qarşısında xidmətləri olanları və onların qohumlarını hədəfə alıb – ya azadlıqdan məhrum edir, ya da qanlarını batırır.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

Bizimlə əlaqə saxlayın