E-mail: [email protected]
Qarabağda antiterror tədbirləri: Fransa heç nə edə bilmir - ŞƏRH
Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 20-də yaydığı məlumatlara əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı antiterror tədbirləri uğurla icra edilir.
Azərbaycan özünün milli təhlükəsizlik və müdafiə siyasətindən irəli gələn prinsipləri yerinə yetirir, bütün ölkələr terror, separatçılıq təhdidi ilə üzləşəndə analoji addımlar atır və ya buna dəstək axtarırlar.
Lakin Azərbaycanın hərbi tədbirlərlə geosiyasi nəticələr əldə etmək bacarıqları inkişaf etdikcə, bunun regional və qlobal əks-sədalarında fərqli səslər çıxır.
Sentyabrın 19-dan başlayan antiterror tədbirlərindən sonra Azərbaycana qarşı hədyanları ilə gündəmdə qalmağa çalışan Fransa yenə özünü qabağa verərək Ermənistanın müdafiəsinə qalxdı.
Fransa Prezidenti Emmanuel Makrondan tutmuş, ölkənin Xarici İşlər Nazirliyinə qədər Azərbaycanın haqlı və suveren hüquqlarının təmini üçün gördüyü tədbirlərə qarşı mövqelər heç kimdə təəccüb doğurmur.
Fransa niyə belə edir - bu sual da artıq şablonlaşıb. Çünki Paris davranışlarını qlobal və geosiyasi nəticələrdə itkilərə məruz qalması ilə tərs mütənasib şəkildə qurur.
Yəni qlobal sferada sıxışdırıldıqca, ambisiyalarını həyata keçirməkdə çətinliklərlə üzləşdikcə bunun heyfini Cənubi Qafqaz regionundan çıxmağa çalışır.
Riyazi olaraq - Fransanın qlobal sferada itkiləri ilə bağlı rəqəmləri çoxaldıqca, Paris onu Cənubi Qafqaz hesabına kompensasiya etmək cəhdinə girişir.
Buna görə də Fransa Cənubi Qafqazı kolonial siyasətinin davamı üçün alternativ məkan kimi nəzərdən keçirir, lakin bu regionda da maraqlarını irəlilədə bilmir.
Bunun bir neçə mümkün səbəbi var.
Birincisi, Fransa ümumiyyətlə qlobal teatrda da etibarlı aktor sayılmır, məsələn, onun Rusiya-Ukrayna müharibəsi ilə bağlı ikitirəli mövqeyi Parisin nüfuzunu Qərb sistemində aşağı salır.
İkincisi, Fransanın Cənubi Qafqaza müdaxilə imkanları ona görə zəifdir ki, o, burada heç bir oyunçunun gözündə etibar qazana bilmir - hətta regionda maraqları olan Qərb ölkələri ilə də.
Üçüncüsü, Fransanın qarşısında Türkiyə kimi dövlət dayanıb, Ankaranın Azərbaycanla strateji müttəfiqliyi Paris üçün regional iztirablar silsiləsində mühüm nöqtədə dayanır.
Dördüncüsü, Fransa nüvə dövlətidir, qlobal oyunçudur, amma hərəkətlərini erməni icmasının könlünü oxşamaq formasında quraraq kiçilir. Məsələn, Fransa addımlarını elə şəkildə atır ki, bundan ölkə daxilində erməni icmasının seçkilərdə səsini qazanmaq üçün istifadə etsin.
Fransa öz kölgəsi altında Avropa İttifaqının hərbi missiyasını Ermənistana gətirməklə regional qazanc əldə edə biləcəyini düşünürdü, amma bunun da Paris üçün faydaları olmadı. Çünki Azərbaycan Ermənistanla sərhəddə böyük hədəflərindən birinə çatdı - Laçın yolunda sərhəd-buraxılış məntəqəsi quruldu. Bu, Fransanın regiondakı kolonial siyasəti yürütmək cəhdinin bloklanmasında mühüm nəticələrdən biri idi.
Bu mənada Azərbaycana qarşı kampaniyanın coğrafi və siyasi olaraq mərkəzində Fransanın spesifikliyini təyin etmək elə də çətin olmamalıdır.
Birinci nüans budur ki, Fransada erməni lobbisi güclüdür, onların maliyyəsi ilə ayaqda duranlar təlimat alan kimi Azərbaycanın haqlı tədbirlərinə qarşı səslərini başlarına atırlar.
İkinci nüans Fransanın özünün xarici siyasətindən, dövlət mövqeyindən qaynaqlanır, Parisin siyasətindəki Azərbaycan və Türkiyəyə qarşı qərəz və kin ölkədəki erməni lobbisini həyasızlıq üçün stimullaşdırır.
Fransanın hay-küyünə və separatizmi qızışdıran cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərində suveren hüquqlarının təmini üçün lazım olan bütün addımları atacaq.
Hərçənd, Ermənistanın baş naziri Nikol Paşinyan Emmanuel Makrona zəng edərək ondan yardım istəyib, bunun həm də Ermənistan daxilində baş verən çaxnaşmalarla əlaqəli tərəflərini qeyd etmək olar.
Amma Paşinyanın Makrona üz tutması nə onu Azərbaycanın şərt və tələblərini yerinə yetirməyini dayandıracaq, nə də Fransanın regiondakı maraqlarını böyüdəcək.
Fransanın Cənubi Qafqazdakı maraqları konstruktivliyə, təhlükəsizlik mühitinə töhfə verməyə köklənsə, onda Paris regionda faydalı oyunçu payına yiyələnə bilər - Azərbaycan və Türkiyənin strateji qərarları ilə.
Aqşin Kərimov