E-mail: [email protected]
Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzində - Fotolar
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.
Turkdunyasi.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 9-da Mərkəzə gəlib, Komissiya üzvləri və Katibliyin təmsilçilərinin də iştirakı ilə ora baxış keçirilib.
Mərkəzdəki şəraitlə yaxından tanış olan M.Pənahov Müstəqil Media Mərkəzinin yaradılmasının uzun illərdir mütəmadi şəkildə reallaşdırılan və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu təcrübə olduğunu bildirib.
O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçkilərlə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq. Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdən sərbəst istifadə edə bilərlər.
Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçkilərlə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir.
Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər paylaşılır.