E-mail: [email protected]
Putini Bakıya gətirən mühüm səbəblər
Ukrayna müharibəsi başladıqdan sonra xarici səfər trafikini məhdudlaşdıran Rusiya lideri Putinin məhz Bakıya səfərini Cənubi Qafqazda mövqe savaşı şərtləndirir. Rusiyanın siyasi, iqtisadi və təhlükəsizlik sferasını əhatə edən regional planını bir neçə aspektdə dəyərləndirmək mümkündür.
1. NATO ilə cənub sərhədlərində güc balansının əleyhinə dəyişməsi perspektivini önləmək: Ermənistan Rusiya üçün həm də NATO-nun cənub sərhədlərində təhlükəsizlik buferi rolunu oynayıb, bu ölkədəki 102-ci bazanın missiyyası budur; Qərbin Ermənistanda Rusiya mövqelərini sıxışdırdığı vaxtda Moskvanın təkcə bölgədəki təsir imkanları zəifləmir, eyni zamanda, cənub cəbhəsində Şimal Alyansının önü açılır;
2. Avrasiyanın nəqliyyat şəbəkəsində - Orta dəhlizin ikinci habında payçılardan biri olmaq: Vaşinqtonun Mərkəzi Asiyadan Avropaya uzanan coğrafiyada Çin və Rusiyanın iştirakı olmadan nəqliyyat marşrutunu açmaq cəhdləri Moskvanı hərəkətə keçirən əsas amillərdəndir;
3. Ukrayna müharibəsindən sonra üzləşdiyi iqtisadi blokadadan çıxış yollarının axtarışı:
Birincisi, enerji resurslarını Azərbaycan və Türkiyə üzərindən – Cənub Qaz Dəhlizi – bazara çıxarmaq;
İkincisi, Fars körfəzi və Cənub-Şərqi Asiyaya (xüsusilə Hindistan) çıxış əldə etmək.
Enerji resurslarının bu və ya digər formada çıxışını təmin etmək imkanları mövcuddur. Cənub-Şərqi Asiya bazarına çıxışı təmin edəcək “Şimal-Cənub” nəqliyyat layihəsinin önündə isə müəyyən əngəllər var. Putinin ötən ay Kremldə Modi ilə görüşü, ardınca Şoyqunun Tehrana və Bakıya gəlişi Şimal-Cənub nəqliyyat layihəsinin yaxın perspektivdə işə düşməsi istəklərindən xəbər verir. Layihənin İran hissəsi tamamlanmayıb, hərçənd, hazırda texniki işlərdən daha çox, təhlükəsizlik problemi aktualdır.
- İran-İsrail qarşıdurması və bunun Cənubi Qafqaza təsiri;
- Qərbin bölgəyə müdaxiləsi fonunda yarana biləcək təhdidlər;
- Güc balansının Rusiyanın əleyhinə dəyişəcəyi halda gözlənilən risklər.
Putin bu məsələləri yerində - Bakıda müzakirə etmək və yarana biləcək riskləri aradan qaldırmaq istəyir. Şoyqunun Tehrana, ardınca Bakıya gəlişi də Putinin səfərindən öncə bu məsələləri müzakirə etmək və gündəliyi razılaşdırmaq məqsədi daşıyırdı.
Cənubi Qafqazda yaranan risklər və Rusiyanın bölgə ilə bağlı planlarında Azərbaycana ehtiyacı var. Çünki regionun iki ölkəsi – Ermənistan və Gürcüstan üzərindəki mübarizədə müəyyən qədər “əl dəyişikliyi” olsa belə, Bakının güc balansını dəyişmək, yaxud tarazlamaq rolu daha böyükdür. Putin də Bakının güc balansını saxlaması istəyi ilə münasibətləri yerində yoxlayacaq.
a) Problemlərin regional müstəvidə həll edilməsi;
b) Regiondankənar oyunçuların bölgədəki fəaliyyətinin qəbuledilməzliyi;
c) 3+3 formatının inkişaf etdirilməsi;
c) Azərbaycan-Ermənistan sülh danışıqlarının ikitərəfli formatda aparılması, zərurət yaranarsa, region ölkələrindən platforma kimi istifadə edilməsi.
Səfər çərçivəsində bu istiqamətlərin müzakirəsinə ağırlıq və bu kontekstdə mesajlar verilə bilər