E-mail: [email protected]
Ermənistan istəməsə də, sərhədlər bu xəritələrlə MÜƏYYƏN EDİLƏCƏK
Ötən həftə Prezident İlham Əliyev ADA Universitetində çıxışı zamanı Ermənistanla sərhədlərin müəyyən edilməsi üçün SSRİ-nin hansısa rəsmi xəritəsindən istifadə etmək barədə erməni baş nazir Nikol Paşinyan və Rusiya lideri Vladimir Putinlə onun arasında razılaşma olub-olmadığına aydınlıq gətirib.
Prezident diqqətə çatdırıb ki, xəritələrlə bağlı bu günədək hər hansı bir baza mövcud deyil: "Bizim mövqeyimiz ondan ibarətdir ki, biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq, Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər. Əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq”.
Mövzu ilə əlaqədar Modern.az-a danışan politoloq Tofiq Abbasovun fikrincə, sərhədlərin müəyyən edilməsində əsas mənbə kimi 1918-ci ildən başlayaraq, 1991-ci ilə qədər qüvvədə olan xəritələrdən istifadə etmək məqsədəuyğundur.
"Prezidentin bu cür sağlam, konstruktiv mövqeyinə erməni rəhbərliyi reaksiya verdi. Onlar yenə də narazıdırlar. Biz bilirik ki, bütün hallarda ermənilər narazı olacaqlar. Onlar cığallıq edirlər, yersiz hay-küy qaldırır, səslərini ucaldırlar ki, guya Azərbaycan düzgün mövqe tutmur. Ancaq burada nə düzgün sayılmaya bilər ki?!
Ermənilərin ürəyincə olmayan budur ki, 1918-ci ildə İrəvan və Zəngəzur (ermənilər ora Sünik deyir) Azərbaycan torpaqları olub. İndiki Ermənistan torpaqlarının demək olar, hamısında azərbaycanlılar yaşayıb, buralar bizim əzəli torpaqlarımızdır. Bu torpaqların həqiqi sahibləri türklər, bizim ata-babalarımızdır. Ermənistanın XİN başçısı Ararat Mirzoyan axmaqcasına bəyanatla çıxış edib, istehza nümayiş etdirib. Onların həqiqətən bir az ağlı olsa, belə sərsəm bəyanatlarla çıxış etməzdilər. Bu nə ironiyadır? Siz məğlub olmuş ölkəsiniz, ağlamaq əvəzinə özünüzü toxtaq göstərməyə çalışırsınız. Yersiz, lazımsız, özündən müştəbehlik ifadə edən yanaşmadan çəkinməlisiniz".
Politoloq hesab edir ki, həqiqətən ensiklopedik biliklərə sahib olan şəxslər bu cür lazımsız hərəkətlərə yol vermirlər:
"İntellektual şəxslər lazım gələn məqamda, lazım olan məsələlərə aydınlıq gətirirlər. Onlar heç vaxt irəli atılmırlar. Ararat Mirzoyan kimi lazımsız müdaxilələr edənlər isə heç bir intellektə uyğun davranış sərgiləmirlər.
Hesab edirəm ki, xəritələr, delimitasiya prosesi ilə bağlı Ermənilərin nümayiş etdirdiyi mövqe qeyri-adekvat olmaqla bərabər, həm də yersizdir.
Prezidentimizin qeyd edilən tarixdəki xəritələrə istinad edilməsi təklifi yerinə düşür. Delimitasiya və demarkasiya proseslərində məhz bu xəritələrdən istifadə ediləcəyini düşünürəm. Çünki başqa unikal variant yoxdur. Ermənilər bunu bəyənmirsə, əvvəlki dövrlərə aid xəritələr də var. Amma qeyd etdiyim kimi, istənilən halda bizə daha sərfəlidir. Çünki ermənilər özləri də bilir ki, Qafqaza sonradan köçürülüblər".