E-mail: [email protected]
Paşinyanın “nə hərb, nə sülh” mövqeyi nə qədər çəkəcək - Ermənistan niyə “ağıllanmır”?
Ermənistan hər yola əl atır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatsın. Xüsusilə də son aylar müşahidə olunanlar belə bir qənaətə gəlməyə əsas yaradır. Əks təqdirdə, rəsmi İrəvan həm Avropa İttifaqı Şurasının, həm də Rusiyanın moderatorluğu ilə aparılan üçtərəfli danışıqlarda əldə olunan razılaşmaların icrası istiqamətində addımlar atardı.
Mayın əvvəlindən İrəvanda başlayan “etirazlar” tamaşası da sülh razılaşmasının əngəllənməsinə hesablanıb. Düzdür, bu aksiyalara qarşı artıq sərt tədbirlər də görülməyə başlanıb və mayın 18-nə olan məlumata görə, saxlanılanların sayı 352-yə çatıb. Amma heç şübhəsiz ki, danışıqlarda mövqeyini sərtləşdirmək baxımından radikal müxalifətin etirazlarının davamı Nikol Paşinyan üçün də sərfəlidir. Paralel olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində dindirilməsi barədə qərar da diqqət çəkir. Ermənistan İstintaq Komitəsinin xüsusi mühüm işlər üzrə idarəsinin rəisi Rafael Vardanyan müharibədə ölən hərbçilərin valideynləri ilə görüşdə bildirib ki, Baş Prokurorluğun cinayət işi çərçivəsində verdiyi göstərişlər icra olunacaq. Bu da bir tamaşadır, həm ölkədəki etirazları səngitmək, həm “demokratiya” görüntüsü yaratmaq, həm də N.Paşinyanın böyük təzyiqlər qarşısında qaldığı barədə süni təbliğat fonu formalaşdırmaq baxımından. Brüssel görüşündə Azərbaycanın 5 şərti ilə razılaşan N.Paşinyan bir müddət sonra Azərbaycana 6 bəndlik təkliflərini göndərdi ki, bu da qaşınmayan yerdən qan çıxartmaq cəhdi idi. Yaxud digər məsələ: bir neçə gün əvvəl Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının ilk iclasının vaxtı və yeri açıqlanmışdı. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilirdi ki, komissiyanın ilk iclası mayın 16-17-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Qeyd edək ki, ötən il noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakı və İrəvan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə ediblər. Amma deyilən vaxt keçdi, görüş reallaşmadı.
Azərbaycan dövləti növbəti dəfə mövqeyini bəyan edib. “Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik”. “Yeni Müsavat” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib. “Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik ”, - Prezident vurğulayıb.
Ermənistan isə nə Azərbaycana, nə də Türkiyəyə qarşı ənənəvi iddialarından əl çəkməyib, bu istiqamətdə əməli addım atmayıb. Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşündə qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar müzakirə olunacaq. “Sərhəd xəttinin yenidən müəyyən edilməsi ilə bağlı razılaşma var idi. Bu, necə olacaq? Məsələn, birgə komissiya yaradılacaqmı? Onlar Azərbaycanla birgə komissiya yaratmaq qərarına gəliblər”, - nazir əlavə edib. Göründüyü kimi, Bakı və Ankara Ermənistanla bağlı siyasətini də koordinasiyalı şəkildə həyata keçirir. Ermənistan isə hələ də ona verilən tarixi şansdan yararlanıb, iki önəmli qonşusu ilə əlaqələrinin inkişafına diqqət yetirmir, əksinə, status-kvonu saxlamaqla vaxt qazanmaqda, “bəlkə də qaytardılar” xülyası ilə yaşamaqdadır. Hansı ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq üç görüş keçiriblər - yanvarın 14-də Moskvada və fevralın 22-də və mayın 3-də Vyanada. Görüş sonrası nəticə isə ortada yoxdur.
Azərbaycan Ermənistanla sərhəddə yaradılacaq iki sərhəd-keçid məntəqəsinin yerini müəyyənləşdirib. Sərhəd məntəqələri Ermənistanla həmsərhəd Qubadlı və Zəngilan rayonlarında Eyvazlı və Qazançı qəsəbələrində olacaq. Hətta bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb. Eyni zamanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Həmçinin Türkiyə tərəfi də dəhlizlə bağlı maliyyə ayırıb, işlərə başlayıb. Ermənistan bu məsələdə də gözləmə mövqeyindədir, hansı ki, onu xilas edəcək bir layihədən söhbət gedir.
Ermənistanın Kəlbəcər istiqamətindən təxribatları davam etdirməsi də sülh prosesini pozmağa hesablanıb. Xüsusilə də N.Paşinyanın Moskva toplantısında KTMT-yə üzv ölkələri - Rusiya xaric - Azərbaycana görə tənqid etməsi fonunda mayın 18-dək davam edən Kəlbəcər təxribatları təsadüfi deyil, buradan “Rus NATO”sunu proseslərə qoşmaq niyyəti aydın görünür. İmkan düşən kimi, sülhməramlıların təsir zonasındakı erməni separatçı-terrorçu qruplaşmaların da qımıldanması əlavə problemdir. Ermənistan mediasında əsassız iddiaların tirajlanması da gərginliyin tətiklənməsi cəhdlərinin tərkib hissəsidir. “Hraparak” nəşri yazıb ki, bir il əvvəl, mayın 12-də Azərbaycan Silahlı Qüvvələri düz xətlə Gorusdan təxminən 15 km məsafədə yerləşən Qaragöl istiqamətində irəliləyib və faktiki olaraq gölün ətrafında nəzarət müəyyənləşdirərək onu demək olar tam şəkildə dairəyə alıblar. “Xüsusilə də azərbaycanlılar Qaragölün ətrafında mövqelər, yollar salıblar. Ötən il mayın 12-də baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan Silahlı Qüvvələrinin Qaragöl və onun ətrafında 3,5 km-ə qədər irəlilədiyini bəyan edib. Lakin düz bir il keçib və Qaragöl ərazisində vəziyyət eyni olaraq qalmaqda davam edir”, - deyə nəşr bildirib. Müəllif yazıb ki, azərbaycanlılar ərazini dairəvi şəkildə mühasirəyə alıblar, üç yerdə dayanıblar. Paralel olaraq Paşinyanın Moskvadakı KTMT toplantısında da 2021-ci ilin 12 mayını xatırlatması vəziyyəti pisləşdirmək cəhdidir. Belə olan təqdirdə sülh sazişi üfiqdə qızartı kimi də görünmür. Faktiki olaraq Paşinyan müharibə imitasiyası ilə məşğul olur. Ortaya çıxan suallar isə çoxdur: Azərbaycanla Ermənistan arasında nə sülh-nə müharibə vəziyyəti nə zamana kimi davam edəcək? Ermənistanda ona qarşı aparılan təbliğat, etiraz aksiyaları Ermənistan baş nazirini manevr etməyə vadar edib? Yoxsa gerçəkdən o, sülhə qarşı çıxıb, Azərbaycanla qarşıdurmaya getməyə çalışır? Sülh sazişinin imzalanacağına ümidlər çoxdurmu? Ekspertlərimizin bu suallara maraqlı cavabları var. Dia.az-ın məlumatına görə, QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda gedən prosesləri birmənalı qiymətləndirmək çətindir: “Etiraz aksiyaları keçirilir, bəziləri deyir burada Rusiyanın barmağı var. Amma məsələ burasındadır ki, indiki vəziyyətdə Paşinyan Rusiyaya da sərf edir, ABŞ-a da, bizə də. Sadəcə burada başqa qüvvələr var ki, aranı qarışdırmaq istəyirlər. Mən hesab edirəm ki, bu proseslərin başında Rusiyadakı erməni lobbisi, ermənilərin marağının keşiyində dayanan siyasi qüvvələr var, onlar hakimiyyətin içərisində mövcuddurlar. Onlar Ermənistandakı revanşistləri hərəkətə gətirirlər. Ona görə də ciddi nəticəyə nail ola bilmirlər, ola bilməyəcəklər də. Çünki artıq onların şüarı da köhnəlib. ”Qarabağ" şüarı artıq erməni cəmiyyətini cəlb eləmir". QAT sədri digər ehtimallarını da bölüşdü: “Bunlar Paşinyanın öz oyunları da ola bilər. Yaxud Paşinyan vəziyyətdən sui-istifadə edə bilər ki, etirazlardan danışıqlarda bir təzyiq vasitəsi kimi Azərbaycana qarşı istifadə etsin, daxildə ona təzyiq olunduğu iddiasını ortaya qoysun”. A.Nağı bildirdi ki, N.Paşinyanın Moskva səfəri elə də ciddi əhəmiyyətə malik səfər sayılmamalıdır: “O xüsusi bir səfər deyildi, KTMT-nin keçirilən iclası çərçivəsində görüşləri oldu. Ancaq diqqəti çəkən bir məqam vardı ki, Putin ”Qarabağ problemi" ifadəsini işlətdi, o, xoşumuza gəlmədİ. Belə bir ifadəni işlətməməli idi. Ən azı 10 noyabr razılaşmasının şərtlərinə uyğun deyil. Digər tərəfdən, xüsusi bir incəliklə Paşinyana müraciət etdi ki, “sizinlə görüşümə çox şadam”. Erməni mediasını da izlədim, buna önəm verilmişdi. Görün Putin nə günə qalıb ki, Paşinyanla görüşündən şad olduğunu bildirir. Onun nəinki Paşinyana, hətta başqalarına qarşı bu cür kövrək münasibəti heç vaxt olmamışdı".
QAT rəhbəri onu da qeyd etdi ki, Azərbaycan bütün bunlara baxmayaraq, öz yoluna davam etməlidir: “Hər halda, söhbət ondan gedir ki, biz işimizi bilməliyik, konkret faktlarla hərəkət etməliyik. Açıq şəkildə bildirməliyik ki, ”Dağlıq Qarabağ" deyilən ərazidəki vəziyyət bizi qane etmir, oradakı qondarma rejim istədiyini edir və bunu da hər kəs görür. Azərbaycan bu məsələ ilə bağlı Rusiyadan tələb etməlidir ki, öz öhdəliyinizə əməl edin! Deyə bilərik ki, siz ağır durumdasınız, Ukrayna ilə müharibə vəziyyətindəsiniz. Bildirməliyik ki, indiki durumda erməni separatçı-terrorçu qruplaşmaları ilə bağlı hərəkətə keçmirik, addım atmırıqsa, heç nəyi görmürük, hiss eləmirik demək deyil. Mən hesab edirəm ki, Azərbaycan tələb mövqeyindən çıxış etməlidir ki, (Dağlıq) Qarabağdakı situasiya tam şəkildə Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycan tərəfindən bu istiqamətdə mövqe olmalıdır".
İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı bildirdi ki, Paşinyan ona olan basqıların fonunda sülh prosesini qərarlı şəkildə başlatmağa risk etmir: “Bir az da burada onun özünün manipulyativ hərəkətlərə meylli olduğu görünür. Onun ehtiyatlı davranmasının səbəbləri də Rusiyanın bu anlaşmaya münasibətinin necə olacağını bilməməsidir. Məlum, indi Rusiyanın başı qarışıqdır, bu işə aktiv şəkildə müdaxilə edə bilmir, amma ona bağlı olan qüvvələrin küçə mitinqləri vasitəsilə işi uzatmağa çalışır. Paşinyana da hələlik bu durum sərf edir. Bilir ki, onu devirmək üçün Rusiyanın əlində əsaslar yoxdur”. Q.Çaxmaqlı qeyd etdi ki, əslində Paşinyan Rusiyanın əlinə oynayır: “Azərbaycan və Türkiyə ilə münasibətlər qurulmasının qaçılmazlığını da anlayır. Sülh sazişinə gedilməsinin həm də Paşinyanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənəcəyi də nəzərdən qaçırılmamalıdır. Hələlik o, manevrlər edir, çünki ciddi bir beynəlxalq təzyiq də yoxdur”. Bununla belə, ekspert hesab edir ki, Azərbaycan və Türkiyənin də Paşinyanı masaya oturdacaq rıçaqları işə düşməlidir: “Rusiyadan ciddi təzyiqin olmaması da Paşinyanı bu siyasi oyunları davam etdirməyə, içəridəki basqıları azaltmağa həvəsləndirir. Belə görünür ki, bu proses uzanacaq”.
Basarkeçər bölgəsinin Yuxarı Şorca kəndi istiqamətindən Azərbaycanın mövqelərinin sistemli şəkildə atəşə tutulması Qaragöl hadisələrinin bu istiqamətdə də təkrarlanması zərurətini ortaya çıxarır. Belə görünür ki, düşmənin mövqelərində Azərbaycan bayrağı dalğalanmasa, atəş kəsilməyəcək. Konkretləşdirsək, Bakı üçün seçim anı yaxınlaşır...