E-mail: [email protected]
Qlobal gücə çevrilən Türkiyə dünyaya sülh GƏTİRİR
Qardaş Türkiyə dünyanın lider dövlətlərindən biri olmaqla yanaşı, həm də qlobal gücə çevrilir. Rəsmi Ankaranın taleyüklü məsələlərdə sərgilədiyi mövqe, atdığı addımlar, həyata keçirilən geosiyasi gedişlər bu ölkənin yüksək nüfuzundan xəbər verir. Xüsusilə, Rusiya və Ukrayna arasında gedən qızğın döyüşlərin dayandırılması üçün Türkiyənin tutduğu qətiyyətli mövqe, tərəflər arasında birbaşa danışıqların təşkili, liderlər səviyyəsində görüşlərə hazırlıq dünyanın diqqət mərkəzindədir.
Türkiyə rəhbərliyi Qərblə Rusiya arasında kəskinləşən münaqişənin tezliklə sülhlə tənzimlənməsi naminə çalışır ki, bu da dünyanın Üçüncü Dünya Müharibəsindən xilas olmasına hesablanıb.
Qardaş ölkənin dünyanın siyasi arenasında güclü oyunçuya çevrilməsi barədə fikirləri deputat Asim Mollazadə bildirib ki, Türkiyə müstəqil siyasət yürüdür.
Onun sözlərinə görə, Türkiyənin məqsədi sülhə və sabitliyə nail olmaq, ölkələr arasında əməldaşlıq mühitini inkişaf etdirməkdir:
“Türkiyə bu istiqamətdə çox ciddi addımlar atır. Onun sülhə, əməkdaşlığa yönəlmiş siyasəti hörmət qazanır. Türkiyənin rolu, məhz onun məqsədlərinə görə çox müsbət qiymətləndirilir. Türkiyə hansısa güclərin, dövlətlərin əmri ilə oturub-durmur. Bununla yanaşı, Türkiyənin iqtisadi sahədə atdığı addımlar və bir sıra sahələrdə öz məhsullarının emalı əməkdaşlıqlar üçün yeni prespektivlər yaradır”.
Deputat vurğulayıb ki, Türkiyə və Azərbaycan müttəfiq və qardaş ölkə kimi dünyanın bir sıra bölgələrinin enerji təhlükəsizliyini təmin edir:
"Bizim bir sıra layihələrimiz məhz əməkdaşlıq və tərəfdaşlıq mühiti yaradır. Əməkdaşlıq və tərəfdaşlığımız təkcə öz məkanımızda yox, eyni zamanda Avropada da öz effektini göstərir”.
Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, Türkiyə tarixən dünya siyasətində nüfuzlu ölkələrdən biri olub. Bir çox məsələlər Türkiyənin apardığı siyasətdən asılıdır. Bu da öz müsbət nəticəsini verir:
“Rusiya-Ukrayna müharibəsi bütün dünyanın diqqətində olsa da, hərbi əməliyyatların tezliklə başa çatması, danışıqlar yolu ilə tərəflər arasındakı münaqişənin həlli üçün real işlər görən dünya gücləri çox azdır. Türkiyənin İstanbul şəhərində iki ölkə nümayəndələrinin görüşməsi və görüşdən sonra hər iki ölkənin buna müsbət qiymət verməsi Türkiyənin sülhyaratma missiyasının müsbət effektini göstərir. Bunu görməmək dünya siyasətindən bixəbər olmaq və ya Türkiyə faktorunu gizləmək cəhdindən başqa bir şey deyil”.
Deputatın sözlərinə görə, bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə birgə hərəkət edir:
“Azərbaycanın da müharibənin tezliklə bitməsi üçün göstərdiyi səylər, Rusiya ilə siyasi əlaqələrin saxlanılması, Ukraynaya humanitar yardımın göstərilməsi bu qəbildən olan məsələlərdir. Rusiya-Ukrayna prezidentlərinin gələcək görüş yerlərindən biri kimi Bakının adının hallanması Azərbaycana verilən yüksək qiymətin göstəricisidir. Biz tək indi deyil, gələcəkdə də Türkiyənin sülhyaratma siyasətinin, dünyanın və regionun ümumi maraqlarna uyğun siyasətinin şahidi olacağıq”.