E-mail: [email protected]
Rusiya-Ukrayna müharibəsi: Hazırkı vəziyyət, qarşılıqlı nüvə zərbələri ssenarisi – TƏHLİL
Rusiya-Ukrayna müharibəsi 19-cü gününə qədəm qoyub, amma tərəflərin sülh modeli üçün düsturları bir-birinin həzmindən keçmir.
Rusiyanın təcavüzü və hərb meydanındakı bəzi uğursuzluqları Kremli perspektiv hədələrdən çəkindirmək əvəzinə, onu daha da qıcıqlandırır və yeni cəbhələrdə döyüş aparmaq üçün şirnikləndirir.
I Pyotrun dövründən bu yana var olan konsepsiya Rusiyanın xarici siyasət konsepsiyasının ruhuna hopub, ona görə də işğal planının nəticələrinin nə olacağı Rusiyanı qorxutmur – təki müharibə olsun!
Ukrayna isə sülh danışıqlarına hazır olduğunu bəyan edir - lakin maksimum dərəcədə Kiyevin maraqlarının təmin olunması şərtilə, kapitulyasiya aktının qarşısına qoyulması ilə yox.
Əvvəl-axır Rusiya və Ukrayna prezidentləri və ya onların ekvivalentində olan nümayəndələr masa arxasına əyləşəcəklər, danışıqların hansı şəkildə nəticələnəcəyini isə döyüş meydanındakı əməliyyatlar müəyyənləşdirəcək.
Hazırda Ukraynadakı vəziyyəti rəsmi Kiyev üçün qənaətbəxş hesab etmək sadəlövhlük olardı, çünki Kiyev ətrafında mühasirə daralır, Ukraynanın Azov dənizinə çıxışı bağlanıb. Hazırda Ukrayna ordusu Kiyevə irəliləyən qoşunlara qarşı əks-hücum əməliyyatlarını demək olar ki təşkil etmir və yalnız müdafiə olunmaq taktikası ilə rus ordusuna itkilər verməyi hədəfləyir.
Ən şiddətli döyüşlər Xerson və Mariupolda gedir, Xarkovda isə əks-hücum əməliyyatları həyata keçirilsə də, Ukrayna əhəmiyyətli dönüşə nail ola bilməyib.
Rusiya ordusunda koordinasiya problemi mövcuddur, komandanlıq tərəfindən taktiki səhvlərə yol verilir, tutduqları ərazilərdə möhkəmlənmə işləri müşkülə çevrilir, canlı qüvvənin rotasiyası baş tutmur.
Rusiyanın ilkin hərbi kampaniyasının uğursuzluğu Ukraynanın döyüş meydanında məharətinə və mühüm nəticələr vəd edən təsirlər yarada biləcəyinə ümidləri artırırdı. Ancaq Rusiya ordusunda problemlər olmasına baxmayaraq, Moskva getdikcə özünün hədəfinə yaxınlaşmaq üzrədir və Ukraynanın müqavimətini qırmaq üçün əlindən gələni edir.
Rusiyanın planlarını qatı palçığa salan digər məqam isə Qərbin hərbi-iqtisadi, siyasi strategiyalarıdır, üstəgəl informasiya müharibəsində Rusiya beynəlxalq rəy yarada bilmək qabiliyyətindən məhrumdur.
Böyük strateji planda kampaniya ümumi müharibə məqsədlərinə çatmaq üçün zəruridir və müharibə səylərinin bir hissəsi kimi hərbi-siyasi təşəbbüslər meydanında rola malikdir. Ancaq mütləq yetərli vasitə də deyil, yəni Ukrayna üçün xoşbəxt perspektivin proqnozlarına dair işartılar getdikcə sönür və hətta demək mümkündür ki, Ukrayna çıxılmaz vəziyyətə düşür.
Hazırkı situasiyada Rusiyanın əməliyyatlarını ümidsiz hücumlar adlandıra bilmərik, çünki bir neçə istiqamətdə özü üçün yeni cığırlar açmağa nail olunur.
Belə şəraitdə Kremlin Ukrayna ilə bağlı maksimalist siyasi tələblərindən geri çəkilməsi çətin görünür, amma Kiyev də müqavimət xəttini gücləndirmək üçün əlavə resurslara və dəstəyə baş vurur.
Ukraynaya hərbi dəstək Rusiyanın aqressiyasını artırır, hətta nüvə silahlarının tətbiqinə dair rəsmi təhdidlər siyasi üfüqlərdə bərq vurur.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, ölkəsinin mövcudluğuna təhlükə yaranarsa, Moskva nüvə düyməsinə basa bilər.
Sual olunur, görəsən, Rusiya üçün onun mövcudluğuna təhlükənin sərhədləri harada başlayır və harada bitir? Məsələn, Ukraynada NATO hərbi iştirakını təmin edərsə, Rusiya nüvə başlıqlı raketləri atacaqmı?
Dünyanın qorxduğu da məhz nüvə bombalarının adi sursat kimi səpələnməsi ehtimalıdır, çünki bu, bir dövlətə qarşı yox, bəşəriyyətə qarşı böyük təhlükədir. Nüvə silahının atılması strateji baxımdan müdafiə üçün qarşı tərəfdən də analoji silahdan istifadəyə zəmin yaradır – belə olan təqdirdə itirən bəşəriyyət olur, çünki nüvə müharibəsində qalib yoxdur.
Avropa coğrafiyasında Rusiyanın nüvə duruşuna müqavimət göstərə biləcək iki ölkə var – Böyük Britaniya və Fransa. Hələ onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın özünün də Avropada nüvə başlıqlı silahları mövcuddur – onların istifadəsinə dair qərarı isə yalnız ABŞ prezidenti verə bilər.
Britaniya və Fransanın nüvə müharibəsinə dair straregiyası bundan ibarətdir ki, minimum şəkildə nüvə silahından istifadə olunsun, onlar dalbadal nüvə zərbələrinin mübadiləsini nəzərdə tutmurlər. London da, Paris də rəqibi son xəbərdarlıq atəşi ilə dayandıra biləcəklərinə inanırlar.
Nüvə ilə qorxutmaq həm də psixoloji çəkindirmək elementlərini özündə cəmləyir, ola bilsin ki, Rusiya beynəlxalq sanksiyaların altında əzilməsini, informasiya müharibəsində məğlubiyyətini kompensasiya etmək üçün həmin çəkindirici amili işə salır. Buna görə də deyə bilərik ki, Rusiyanın nüvə təhdidi ilk növbədə siyasi funksiyaya malikdir və ABŞ-a Ukraynaya müdaxilə etməmək üçün bir mesajdır.
Hələlik isə müharibə elə döyüş silahları ilə davam edəcək, yaxın perspektiv üçün nüvə silahının tətbiqi real görünmür. Rusiya istədiyindən geri çəkilməyənə qədər Ukraynanı daha ağır sınaqlar gözləyir.