fev
2023
21:59
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb

1 fev, 2023
21:59
1270

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 29-30-da Macarıstana rəsmi səfəri bu ölkə KİV-lərinin diqqət mərkəzində qalmaqdadır.

“Napi” nəşrində dərc olunan “Azərbaycan qazı ilə bağlı hər şey qaydasındadır, əsas odur ki, gəlib çatsın” sərlövhəli məqalədə Azərbaycanın Avropa İttifaqı üçün enerji ehtiyatlarının mühüm tədarükçüsündən birinə çevrilərsə, o zaman Macarıstanın Avropa qaz tədarükü zəncirində əsas hissəni öz üzərinə götürə biləcəyi vurğulanıb.
Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa Komissiyası diqqətini Azərbaycana yönəldib. Bu gün Azərbaycan Avropanın enerji təchizatı üçün əsas ölkədir.
Bildirilib ki, Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevlə görüşündə enerji məsələləri üzrə danışıqlar aparıb. Diqqətə çatdırılıb ki, iki ölkə arasında enerji əməkdaşlığının möhkəmlənməsi və Macarıstanın energetika şirkətləri ilə danışıqlar Azərbaycan Prezidentinin bu ölkəyə səfər proqramında mühüm yer tutub. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin yaxın illərdə ölkənin yaşıl enerji sektorunun xeyli genişlənəcəyi, 2027-ci ilədək ölkədə enerjinin 80 faizinin ixrac olunacağı barədə fikirləri də materialda əksini tapıb.
Nüfuzlu “Vas vármegyei hírportál” (VAOL) nəşri “Viktor Orban: Azərbaycan Avropanın enerji təchizatı üçün əsas ölkədir” sərlövhəli materialda Baş nazir Viktor Orbana istinadla yazıb: “Qonşu ölkədə müharibə və Brüsselin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Macarıstan üçün də problemlər yaradıb. Ölkənin, eləcə də Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Bu, ona gətirib çıxarıb ki, Azərbaycan Avropa tərəfindən tərəfdaş kimi yenidən öyrənilməyə başlanılıb. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir”.
Yazıda Baş nazirin NABUKKO layihəsinə də toxunduğu, indiki vəziyyətdə enerji marşrutlarının şaxələndirilməsində əsas istiqamətin Azərbaycanda istehsal edilən enerjinin Avropaya nəqli olduğu vurğulanıb. Bildirilib ki, məhz buna görə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın tərəfdaşlığı və töhfəsi yüksək dəyərləndirilir.
“Origo” portalında qeyd olunub ki, Azərbaycandan Avropaya nəql olunan təbii qaz həcminin 2027-ci ilə qədər iki dəfə artması və Azərbaycandan Avropaya elektrik enerjisi tədarükü barədə sazişlər mühüm əhəmiyyət kəsb edir.
Materialda Prezident İlham Əliyevin enerji təhlükəsizliyinin prioritet məsələ kimi çıxış etməsi, yaxın 100 ildə Avropanın tələbatını ödəməkdən ötrü Azərbaycanın kifayət qədər enerji ehtiyatına sahib olması barədə fikirləri də yer alıb.
"Madyar nemzet" nəşri isə Ukraynada müharibə başlayandan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunun daha da artdığını qeyd edib. Bildirilib ki, enerji marşrutlarının şaxələndirilməsi Avropaya enerji resurslarının tədarükünün artan zəifliyinə yeganə real cavabdır.
Müəllif Prezident Əliyevə istinadla yazıb ki, Bakının əsas məqsədlərindən biri 2020-ci ildə azad edilmiş ərazilərin bərpası, ölkənin enerji balansında və ixracında bərpa olunan enerjinin payının artırılması üçün istifadə edilməsidir. Bərpaolunan enerji ölkəni Avropaya yaxınlaşdırmaqla Azərbaycanın əhəmiyyətini daha da artıracaq.
Vurğulanıb ki, Azərbaycanın dövlət başçısı bu planların həyata keçirilməsi üçün böyük həcmdə xarici investisiyanın tələb olunacağını vurğulayıb. Deyib ki, çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini 30 il ərzində viran qoyub. Şəhərsalma sahəsində zəngin təcrübəyə malik Macarıstan həmin ərazilərdə sözügedən sahədə mühüm rol oynaya bilər.
“hirklikk.hu”, “hang.hu”, “pestisracok.hu”, “ma.hu”, “888.hu”, “hirtv.hu” portallarında Azərbaycan Prezidentinin Budapeştdə rəsmi qarşılanma mərasiminə, dövlətimizin başçısının macar həmkarı ilə görüşünə geniş yer verilib. Bildirilib ki, Prezident İlham Əliyev macar həmkarı ilə görüşdə Macarıstan-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bəyan edib.
“szoljon.hu”, “kisalfold.hu”, “rtl.hu” portalları isə Azərbaycan Prezidentinin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşlərində, mətbuata bəyanatda səsləndirdikləri fikirlərə diqqət çəkiblər. Qeyd olunub ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktora çevrilib.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın