E-mail: [email protected]
“Ermənistan uzun müddətdir Laçın yolu mövzusu ətrafında spekulyasiyalar edir” - RƏY
“İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2023-cü il tarixli qərarını açqlayarkən Azərbaycanın öz öhdəliklərinə sadiq olduğunu vurğulayıb. Eyni zamanda, Laçın yolunda ekofəalların aksiyasının guya Azərbaycan hökuməti tərəfindən dəstəkləndiyinə dair Ermənistan tərəfinin iddiası təmin edilməyib”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
O bildirib ki, məhkəmə prosesində Ermənistan Azərbaycan ərazilərinin minaladığına dair təqdim olunan faktları da təkzib edə bilməyib.
Deputat hesab edir ki, Ermənistan bütün vasitələrə əl ataraq regionda vəziyyətin sabitləşməsinə yönəlmiş təşəbbüslərə mane olmağa çalışır: “Ermənistanın atdığı addımlar, bu ölkənin rəsmi şəxslərinin verdiyi bəyanatlar göstərir ki, sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməyə çalışırlar. Azərbaycanın Laçın yolunda şəffaflığın təmin olunması ilə bağlı irəli sürdüyü təkliflərin İrəvan tərəfindən qəbul edilməməsi də məhz bu mövqeyin nəticəsidir. Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifi ilə çıxış etmişdi. Lakin Ermənistan bu təklifin qəbuledilməz olduğunu bildirdi. Əgər həqiqətən Laçın yolu Ermənistan tərəfindən yalnız dinc məqsədlərlə istifadə edilirsə o zaman nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz hansı məntiqə əsaslanır?”.
R.Məmmədov söyləyib ki, Beynəlxalq Ədalət Məhkəməsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinin enerji təchizatına maneə yaradıldığına dair Ermənistanın iddialarının da əsassız olduğunu bildirib: “Ermənistan tərəfi uzun müddətdir ki, bu mövzu ətrafında spekulyasiyalar edir. Müxtəlif yollara əl ataraq Azərbaycanı qınaq obyektinə gətirməyə çalışır. Lakin fakt bundan ibarətdir ki, həmin ərazilərdə enerji təminatını Azərbaycan deyil, Ermənistan həyata keçirir. Eyni zamanda, Azərbaycan öz ərazilərində enerji problemlərinin həlli ilə bağlı məsələlərdə əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib. Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına aid ərazilərin elektrik və təbii qaz təchizatını həll etmək üçün ölkəmizin resursları kifayət qədərdir”.
Deputat vurğulayıb ki, Ermənistan indi diqqətini daha çox Azərbaycanla münasibətlərin normallaşdırılmasına yönəltməlidir: “Çünki Azərbaycan ardıcıl olaraq Cənubi Qafqazda sülhün təmin olunmasına yönəlmiş addımlar atır. İndi regionda davamlı sabitliyin təmin olunması üçün imkanlar mövcuddur. Lakin sürətlə dəyişən geosiyasi reallıqlar, eləcə də Azərbaycanın Ermənistanla müqayisədə artan iqtisadi, hərbi potensialı, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyini daha da möhkəmləndirən proseslər rəsmi İrəvanın daha çətin vəziyyətə düşməsinə səbəb ola bilər”.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Laçın yolundakı vəziyyətlə bağlı qərar qəbul edib. Qərarda Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı bir daha təsdiqlənib.
Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.