E-mail: [email protected]
Daşkəsəndə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib
Daşksəsən rayonunda Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbirin əvvəlində şəhidlərimizin, Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ermənilərin törətdikləri vəhşiliklərdən söz açılıb, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də soyqırıma obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atıldığı vurğulanıb.
Qeyd edilib ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir.
Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində, soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldüyü, məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib.
Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görülür.
Çıxışçılar söyləyib ki, ölkəmizdə və dünya miqyasında bu istiqamətdə böyük işlərin aparılmasının və geniş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq dünyanın bir sıra böyük dövlətləri Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalılıların və şəhidlərimin qanı yerdə qalmayıb, onların qisası alınıb və artıq Qarabağa dönüş başlanıb.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Bir millətin kədəri” adlı sənədli filmi nümayiş etdirilib.