E-mail: [email protected]
“Azərbaycanlılarla danışacağımız nəsə yoxdur” – Sarkisyan ara qarışdırır
“Qarabağda və Ermənistanda vəziyyəti yalnız baş danışıqçının dəyişməsi dəyişə bilər”.
Onun sözlərinə görə bu gün nə vasitəçilər, nə də Azərbaycan baş nazir Nikol Paşinyanı ciddi qəbul etmirlər: “Mən bunu demişəm, yenə də təkrar edirəm. Danışıqçını dəyişmək lazımdır”.
Serj Sarkisyan bəyan edib ki, onun hakimiyyətə qayıtmaq ambisiyası yoxdur və o heç vaxt Ermənistanın danışıqçısı olmayacaq.
Amma o əmin olduğunu bildirib ki, lider dəyişəndən sonra danışıqlar prosesi başqa istiqamətdə getməlidir:
“Bəli, onu kim əvəz edirsə etsin, vəziyyət çox mürəkkəb olacaq, amma fikrimcə bu mümkündür”.
Serj Sarkisyan bu bəyanatları martın 7-də öz kitabının təqdimat mərasimində jurnalistlərin suallarına cavab verərkən səsləndirib.
Əslən Azərbaycanın Qarabağ bölgəsindən olan Sarkisyan “Danışıqların ön cəbhəsində” adlı kitabında Ermənistan lideri olduğu on il ərzində etdiyi çıxışları və verdiyi bəyanatları ümumiləşdirməyə çalışıb.
Serj Sarkisyan daha sonra bildirib: “Əslində biz azərbaycanlılarla danışıq aparmamışıq, biz danışıqları vasitəçilərlə aparmışıq. Çünki bizim azərbaycanlılarla razılığa gələcəyimiz heç nə yoxdur. Çünki onlar istəyirlər ki, hər şey onların olsun, hətta bundan da artığını istəyirlər”.
Ermənistan-Rusiya münasibətlərindən danışarkən keçmiş prezident rusiyayönlü olmadığında israr edib. Bununla belə o hesab etdiyini bildirib ki, Ermənistanın Rusiyadan yaxşı müttəfiqi, alternativi yoxdur:
“NATO gəlib burada bazamı quracaq? Hər hansı bir Avropa ölkəsinin Qarabağda kontingentimi olacaq? Siz gözəl bilirsiniz ki, mən ümumiyyətlə heç vaxt anti-Avropa olmamışam. Yəni mənim hazırkı iradım NATO-ya və ya Avropa İttifaqına yox, mənə məlum olmayan səbəblərə görə burada aranı qarışdırmağa cəhd edən avantüraçılaradır”.
Xankəndi və Bakı arasında beynəlxalq qarantiyalı dialoqun, Qarabağ üçün beynəlxalq qarantiyaların yaradılmasının mümkünlüyü barədə suala cavab verən Sarkisyan deyib ki, o Bakını cilovlaya biləcək ölkələrin mövcud olmasından əmindir: “Bir neçə beynəlxalq qüvvə, hətta ayrı-ayrı ölkələr var ki, istəsələr, Azərbaycanı cilovlaya bilərlər”.