14 
sen
2023
15:30
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rusiya artıq Ermənistanın dostu deyil: Kremli ermənilər üçün satqın dövlətə çevrilib - ŞƏRH

14 sen, 2023
15:30
7107

Rusiya və ona aid nə varsa Ermənistandan sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoyan baş nazir Nikol Paşinyan hədəfinə doğru irəliləməkdədir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən imtina edib ABŞ ilə birgə təlimlər keçirilməsi, Avropa İttifaqı (Aİ) müşahidə missiyasına üstünlük verilməsi də bu istiqamətdə atılan növbəti addım kimi nəzərdən keçirilir. İrəvan Azərbaycanla sərhəddə gərginlik iddiasını ortaya ataraq hər vəchlə Aİ missiyasının Ermənistanda genişlənməsinə çalışır.
Erməni mediasında yer alan xəbərlərə görə, Avropa İttifaqı müşahidə missiyası - EUMA Tavuş vilayətinin İcevan şəhərində əməliyyat mərkəzi açıb. Bu barədə qurumun “X” hesabında məlumat yerləşdirilib. Lakin bazanın hansı işləri aparacağı, nə əməliyyatı icra edəcəyi açıqlanmır. Şübhə yoxdur ki, məqsəd KTMT ilə ölkə arasında əməkdaşlığı minimuma endirmək və sonda ondan çıxmaqdır. Bu plan da uğurla həyata keçirilir. Artıq neçənci dəfədir ki, Rusiya hərbi təşkilatı ilə təlimlərdən imtina edilir.
Qeyd edək ki, bu, artıq Aİ-nin Ermənistandakı üçüncü mərkəzdir, sonuncu avqust ayında Qafanda açılıb. 2023-cü ilin fevral ayından Aİ-nin Ermənistanda 100 müşahidəçidən ibarət uzunmüddətli mülki missiyası fəaliyyətə başlayıb. Məqsəd sərhəd rayonlarında sabitliyi qoruyub-saxlamaq olsa da, hədəf başqadır - KTMT-dən uzaqlaşmaq, ardınca da rus qoşunlarının Ermənistandan çıxarılmasına başlamaq. Ermənistanda Rusiya və onun himayəsində olan təşkilatlara inam və etibarın minimuma düşməsinə səbəb kimi Azərbaycanla İkinci Qarabağ müharibəsində lazımi dəstəyin olmaması irəli sürülür. Halbuki, bu barədə təşkilatın nizamnaməsində bənd var - təşkilat yalnız üzv dövlətlərin ərazisinə hücum olarsa, hərbi müdaxilə edə bilər.
Müharibə dövründə Ermənistanın sərhəddə gərginlik yaratmaqla KTMT-ni münaqişəyə cəlb etmək kimi məkrli planı da keçmədi. Məhz bundan sonra da Rusiya və onun himayəsi ilə qurulan bütün təşkilatlardan çıxmağa qeyri-rəsmi formada başlanılıb. Əvvəlcə baş nazir Nikol Paşinyanın yaxın ətrafına daxil olan məmurlar, sonra isə özü dəfələrlə bu quruma üzvlüyün əhəmiyyətsizliyini vurğulayıblar. Baş nazir sonuncu müsahibəsində daha irəli gedərək bu təşkilatın Ermənistanın maraqlarını qorumaq iqtidarında olmadığını bəyan edib. Prioriteti dəyişən İrəvan Avropa İttifaqına daxil olan ölkələrlə yaxınlığı, təşkilatın Ermənistan ərazisində missiyasını qurmağı əsas xəttə çevirib. Amerikalı milyarder Corc Sorosun planına uyğun olaraq Birləşmiş Ştatlarla əməkdaşlığın genişləndirilməsi, hətta onunla birgə hərbi təlimlər keçirilməsi də bu planın tərkib hissəsidir.
Yeri gəlmişkən, KTMT-dən uzaqlaşmağın hədəf olduğunu göstərən ən əhəmiyyətli məsələ İrəvanın təşkilatda hələ də nümayəndə təyin etməməsidir. Bu azmış kimi, keçmiş xüsusi nümayəndə Viktor Biyaqov Haaqada xüsusi nümayəndə təyin edilib. Sirr deyil ki, Rusiyanın ən iri hərbi təşkilatı təkcə postsovet məkanında nəzarəti əldə saxlamaq üçün yaradılmayıb. Bu, həm də NATO-ya qarşı bir növ alternativ kimi yaradılıb. Ermənistan nə edir? Təşkilatda uzun illər çalışan, onun bütün plan və strategiyası barədə xəbərdar olan bu şəxsi Avropaya göndərir. Hazırda müharibə şəraitində olan bir ölkəyə - Rusiyaya bundan böyük zərbə ola bilməzdi və Ermənistan bunu etdi.
İrəvanda iki ölkə arasında münasibətlərə münasibət də dəyişib. Məsələn, İrəvan Təhlükəsizlik Tədqiqat Mərkəzinin prezidenti Areq Koçinyan bu qənaətdədir ki, Ermənistanın Rusiyadan asılılığı ən yüksək həddədir və bundan yaxa qurtarmaq lazımdır. Erməni politoloq hesab edir ki, ən böyük strateji asılılıq Ermənistanın həm də ən böyük səhvidir və bunu da düzəltmək gərəkdir. “Rusiyanın yerini Qərb və digər tərəfdaşlar tutmalıdırlar. Ermənilər artıq Rusiyanı tərəfdaş kimi görmür və onu satqın hesab edirlər”, - deyə politoloq vurğulayıb.
Bəs görəsən, Ermənistan Rusiyaya qarşı cəbhə açmaqla nəyəsə nail ola biləcəkmi? Bu, o qədər də inandırıcı görünmür. Sadəcə, asılılığın miqyası buna imkan verməz. Məsələ ondadır ki, bu cəbhədə Nikol Paşinyan təkdir, ona, sadəcə, azsaylı Soros komandası dəstək verir. Ölkədə isə Rusiya təsiri altında olan qüvvələr kifayət qədərdir. Məsələn, götürək elə “Vaqner” xüsusi hərbi təşkilatının üzvlərinin Ermənistanda olması barədə xəbərləri. Yayılan məlumatlarda bildirilib ki, hərbi təşkilatın Ermənistanda üç minə yaxın üzvü fəaliyyət göstərir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova tərəfindən bu xəbər təkzib edilsə də, onun yayılması təsadüfi sayıla bilməz. Artıq İrəvan hakimiyyət orqanları həmin xəbəri ilk olaraq dövriyyəyə buraxan Jirayr Səfilyanı həbs ediblər.
Beləliklə, Ermənistan öz tarixinin gərgin günlərini yaşayır. Müstəqilliyindən bəri ilk dəfədir ki, ağasına və mövcudluğuna görə minnətdar olmalı olduğu ölkəyə qarşı açıq və ən yüksək formada soyuq müharibə elan edib. Bundan qalib çıxacaq, yaxud növbəti illər də Kremlin forpostluğunda qalacaq - bunu zaman göstərəcək. Hər halda, Aİ-nin müşahidə missiya məntəqələrinin sayını artırması ondan xəbər verir ki, Ermənistan ilkin olaraq KTMT-dən başlamaq qərarına gəlib. Çox güman ki, ardınca da MDB və Avrasiya İqtisadi İttifaqı gələcək.
“Report” İnformasiya Agentliyi


Bizimlə əlaqə saxlayın