E-mail: [email protected]
Sanksiyalar Rusiyanın “dollar milyarderləri”nin sayını azaltdı
Rusiyada “dollar milyarderləri”nin sayı 123 nəfərdən 88 nəfərə qədər azalıb. Bu barədə “Forbes” məlumat verib.
Reytinqin rusiyalı iştirakçılarının əksəriyyətinin sərvətlərinin il ərzində azalması müşahidə olunub.
Ən zəngin rusiyalı iş adamı 18,4 milyard dollarla Novolipetsk Metallurgiya Kombinatının (NLMK) Direktorlar Şurasının sədri Vladimir Lisin olub. İl ərzində Lisin 7,8 milyard dollar dəyərində “yoxsullaşıb”.
Rusiyanın ikinci ən zəngin adamı “Norilsk Nikel” şirkətinin səhmdarı Vladimir Potanindir. Onun sərvəti il ərzində 9,7 milyard dollar azalaraq 17,3 milyard dollar təşkil edib.
İlk üçlüyü “Telegram”ın yaradıcısı Pavel Durov tamamlayır. Onun sərvəti 15,1 milyard dollar dəyərində qiymətləndirilir, il ərzində itkisi isə 2,1 milyard dollar təşkil edib.
İlk beşliyə həmçinin 14 milyard dollar sərvətlə “Sibur” və “Novatek” şirkətlərinin səhmdarı Leonid Mixelson (il ərzində 10,9 milyard dollar ziyanla) və 13,2 milyard dollarlıq kapitalla (15,9 milyard dollar ziyanla) “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov da daxil olub.
“Forbes”un məlumatına görə, ən zəngin rusiyalıların onluğunu Mixail Fridman, Alişer Usmanov, Gennadi Timçenko, Aleksey Melniçenko və Vahid Ələkbərov tamamlayırlar.
Qəzet qeyd edir ki, bu il rusiyalı milyarderlər üçün rekord ili olmalı idi. RTS dollar indeksi 2021-ci ildə 12% qalxmışdı, metallurgiya və gübrə istehsalı sahələrində fəaliyyət göstərənlərin işləri isə xüsusilə yaxşı gedirdi.
2022-ci ilin əvvəlinə Rusiyada sərvəti bir milyard dolları keçən 140 nəfər olduğu halda fevralın 24-də Rusiya Ukraynada müharibəyə başladıqdan sonra bazar dərhal 40% çöküb, fevralın 25-də isə Moskva birjasında ticarət dayandırılıb.
Mənbə: Rambler.ru