E-mail: [email protected]
Fransa erməni liderlərin şər və böhtan mərkəzinə çevrilir - ŞƏRH + FOTO
Və yenə də tribuna kimi Fransa götürülüb. Fransada səfərdə olan Ermənistan rəhbərliyi - baş nazir Nikol Paşinyan Qarabağdan ermənilərin “zorla köçürülməsi”, “etnik təmizləmə”dən dəm vurub, xarici işlər naziri Ararat Mirzoyan isə erməni təsiri altında olan UNESCO-nun baş konfransında Azərbaycanı hədəfə alıb. Nazir həyasızcasına Qarabağda mədəni-dini abidələrin “vandalizm və qarət” olunmasının qarşısını alınması və qorunması üçün zəruri addımların atılması barədə danışıb. Heç bir fakt ortaya qoymadan işğaldan azad olunan ərazilərdə “dağıdılan” dini və mədəni abidələrdən bəhs edib.
İşğal dövründə Azərbaycan torpaqlarında vandalizmə yol verən, şəhər və kəndləri viran qoyan, məscidləri donuz fermasına çevirənlər indi durub ədalətdən, haqdan dəm vurur. Halbuki məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılıb, yerlə bir edilib, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Torpaqlarımızın işğaldan azad olunmasından sonra ortaya çıxan mənzərə düşmənin bu əraziləri tamamilə dağıtdığını göstərdi. İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, onlarla məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.
Yeri gəlmişkən, Ermənistanın baş naziri və XİN rəhbərinin ardınca prezident Vaaqn Xaçaturyan erməni xislətinə uyğun olaraq yalan danışıb. İsrailin “Haaretz” qəzetinə müsahibəsində Azərbaycanda Ermənistana qarşı guya ermənifobiyanın olmasından dəm vurub. Belə yerdə “utanmasan oynamağa nə var ki?!” atalar sözümüz yada düşür. Ermənistanda onilliklər boyu uşaqdan böyüyə qədər türk düşmənçiliyi, azərbaycanofobiya əsas xətt kimi keçdiyi halda, iddia edib ki, ölkəsində bir dərslikdə belə Azərbaycana nifrət aşılanmır. İddia edib ki, ölkəmizdə gənclik ermənilərə nifrət ruhunda böyüdülür.
Prezidentin müsahibəsində ən maraqlı məqam onun Ermənistanda antisemitizmin olmamasını iddia etməsi olub. “Ermənistanı heç bir zaman düşmən gözündə görməyin. Biz İsraili dost gözündə görürük”, - deyən prezidentin sözlərini yəqin ki, israilli jurnalist gülüşlə qarşılayıb.
Məsələn, Qəzzada HƏMAS-ın başlatdığı müharibədən sonra erməni xəbər saytlarında, “Telegram” kanallarında həlak olan yəhudilərlə bağlı açıq sevinc, təhqirlər pik həddə çatıb.
Xatırladaq ki, 2020-ci il müharibəsində Qarabağ separatçılarının hazırda Bakıda həbsdə saxlanılan keçmiş lideri Arayik Arutunyan İsraili ermənilərə qarşı “soyqırımı”da iştirak etməkdə ittiham etmişdi. Hətta Livanda ermənilər həmin müharibə zamanı etiraz aksiyasında Türkiyə və Azərbaycan bayraqları ilə birlikdə İsrail bayrağını da yandırmışdılar. Ermənilərin bütövlükdə yəhudilərə nifrəti 100 il bundan əvvələ gedib çıxır. Tək bir misal çəkmək olar - 1918-ci ilin aprel-may aylarında daşnakların Quba qəzasında qətlə yetirdiyi 36 782 nəfərin arasında 3 minə yaxın yəhudi olub.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək mümkündür ki, Ermənistan hakimiyyəti aldığı ağır məğlubiyyətlərə rəğmən yenə də xalqını millətçilik, yalan və böhtanla zəhərləməkdə davam edir. Lakin anlamaq istəmir ki, bu siyasətin sonu yoxdur. Heç bir xalqa millətçilik, düşmənçilik fayda gətirməyib.
“Report” İnformasiya Agentliyi