25 
noy
2023
11:30
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənistanın puç olan xəyalları: İrəvan Bakının tələbi ilə razılaşmalıdır - “KASPİ”nin TƏHLİLİ + FOTO

25 noy, 2023
11:30
1179

Beynəlxalq təcrübə də göstərir ki, uzunmüddətli münaqişələrdə üçüncü tərəfin vasitəçiliyi ilə əldə edilən razılaşmalar hər zaman kövrək və etibarsız olur. Əksinə, iki münaqişə tərəfinin öz aralarında əldə etdiyi razılaşma daha yaxşı effekt verir.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Bir neçə gün əvvəl Azərbaycan Ermənistanla sülh danışıqlarının düşdüyü dalandan çıxarılması üçün daha bir alternativ təklif verib. Söhbət iki ölkənin hələlik şərti sərhədində ikitərəfli və vasitəçilərsiz görüşə çağırışdan gedir. 
Mövcud vəziyyət
Artıq uzun müddətdir ki, İrəvan və Bakı qarşılıqlı olaraq sülh danışıqları ilə bağlı təklif olunan görüşlərdən imtina edirlər. Ermənistan Rusiyanın, Bakı isə Qərbin vasitəçiliyi ilə təşkil olunan görüşlərə “yox” deyib. 
Azərbaycanın arqumentləri haqlı və ədalətlidir. Görüş təklif edən tərəflər vasitəçilik və ya moderatorluq funksiyasını üzərilərinə götürdükləri üçün bitərəf olmalı, ən azı tərəflərə bərabər məsafədə dayanmalıdırlar. Lakin Azərbaycanı Qərb paytaxtlarında görüşə dəvət edənlərin timsalında biz bunun tamamilə əksini görürük. Sülh sazişinin imzalanmasının çox yaxın olduğuna dair verilən bəyanatlar fonunda Fransa bu prosesi əngəlləyir, hətta nümayişkaranə surətdə Ermənistanı silahlandırır. Azərbaycana qarşı “907-ci düzəliş”in yenidən qüvvəyə minməsini nəzərdə tutan qərarın qəbulu da bir zamanlar böyük ümidlərin bəslənildiyi Vaşinqtonun əsl niyyətinin nə olduğunu açıq şəkildə ortaya qoyur. 
Yersiz israr
Ermənistana gəldikdə, İrəvan bəyan edir ki, Azərbaycanla yekun sülh danışıqlarında üçüncü tərəfin iştirakında israrlıdır. Təbii ki, 30 illik “təcrübə” İrəvanın bu bəyanatının heç də Ermənistanda yox, onu özlərinin oyuncağına çevirən mərkəzlərdə hazırlanan tezis olduğuna dəlalət edir. Ermənistanın özündə də anlayırlar ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, müstəqil dövlət siyasətləri yoxdur. Ermənistan hazırda müstəqil dövlət olmaq üçün bütün zəruri imkanlardan məhrumdur. Dayanıqlı iqtisadiyyat, xarici sərmayə, beynəlxalq logistika hablarına çıxış, qonşuları ilə normal münasibətlər, güclü ordu, sərbəst maliyyə və investisiya imkanları... Ermənistan bütün bunlardan məhrumdur. Səbəb 2020-ci ilə kimi 30 illik işğal faktı idisə, son üç ildə aldığı ağır məğlubiyyətə və yeni geosiyasi reallıqlara baxmayaraq, hələ də Azərbaycanla yekun sülh sazişinin imzalanmamasıdır. 

Ermənistana vəd edilən “gözəl gələcək”
Rəsmi Bakı mütəmadi olaraq İrəvanı doğru yola dəvət edir. Hətta ən ali səviyyədə açıq şəkildə xəbərdarlıq edilir ki, heç kim onların əvəzinə Azərbaycanla müharibə etməyəcək. Bu illüziya Ermənistanı daha da məhvə doğru sürükləyir. Müstəqil Ermənistan dövlətinin mövcudluğu nə ABŞ, nə də Fransanı maraqlandırır. Bu dövlətlərə bölgədəki maraqlarını təmin etmək üçün əmrlərini sözsüz yerinə yetirən, onlardan daima asılı olan, vassal, zəif Ermənistan gərəkdir. Bu mərkəzlər özləri də anlayırlar ki, Ermənistanın sürətli inkişafı və sivil dövlətə çevrilməsinin yeganə yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlığın qurulmasından, tezliklə sülh sazişinin imzalanmasından keçir. Real siyasətdə Türkiyə NATO-nun ən güclü dayaqlarından biri, Azərbaycan isə Qərbin enerji təminatında və logistika sistemində mühüm strateji əhəmiyyətə malik vacib tərəfdaşı statusundadır. Bu amillər qarşısında Ermənistanın Qərbə vəd edə biləcəyi yeganə vasitə onların maraqlarını həyata keçirtmək üçün əllərində oyuncaq bir dövlət olmaqdır. İrəvan unudur ki, strateji maraqlar uzunmüddətli, geosiyasi maraqlar qısamüddətlidir. İrəvana vəd edilən “gözəl gələcək” çox qısa zamanda puç olacaq xəyaldır. Hazırda ağasını dəyişmək üçün acından ölən İrəvanı qarşısına atılan bir neçə yüz milyon dollar və ya avro ilə düşdüyü çuxurdan çıxarmaq mümkün olmayacaq. Əksinə, daha da dibə vuracaq.  
Ermənistana uzadılan yardım əli
Azərbaycan İrəvana düşdüyü quyudan çıxmaq üçün öz yardım əlini uzadır. İkitərəfli danışıqlarla sülh sazişini imzalamaq, qarşılıqlı münasibətləri inkişaf etdirmək, logistika sistemlərini açmaq və s. Müzakirə masasında nə ABŞ, nə Fransa olacaq, nə də Rusiya. Sadəcə iki tərəf - Azərbaycan və Ermənistan. Beynəlxalq təcrübə də göstərir ki, uzunmüddətli münaqişələrdə üçüncü tərəfin vasitəçiliyi ilə əldə edilən razılaşmalar hər zaman kövrək və etibarsız olur. Əksinə, iki münaqişə tərəfinin öz aralarında əldə etdiyi razılaşma daha yaxşı effekt verir. İrəvan bu reallığı nə qədər tez dərk edərsə, onun üçün bir o qədər yaxşı olar. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də vurğuladığı kimi, Ermənistanın təhlükəsizliyi nə Moskva, nə Brüssel, nə Paris, nə də Vaşinqtondadır, bölgədədir. 
İrəvan Bakının tələbləri ilə razılaşmaq məcburiyyətindədir
Ermənistanın Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı xəyalları da artıq puç olub. Son üç ilin təcrübəsi göstərir ki, Azərbaycanla heç kim təzyiq dili ilə danışa bilməz. Bakı İrəvandan fərqli olaraq, hansısa mərkəzlərin qarşısında boyun əymir. Əksinə, milli maraqlarının təmin edilməsi üçün hər zaman diktə edən tərəfdir. Çünki güclü, müstəqil dövlətdir. Beynəlxalq tərəfdaşlarla münasibətlər də bərabərhüquqluluq prinsipi üzərində qurulur. İrəvanın ən sonda yenə də Bakının tələbləri ilə razılaşmaq məcburiyyətində qalacağı şəksizdir. Artıq Ermənistan tərəfi sərhəddə delimitasiya komissiyasının növbəti toplantısının keçirilməsinə razılıq verib. Ardı gəlməlidir...

Bizimlə əlaqə saxlayın