E-mail: [email protected]
Unudulmaz Lider
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir.
Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.
Biz – Azərbaycan xalqı xoşbəxt xalqıq ki, hal-hazırda ölkəmizi Heydər Əliyev kimi müdrik dahinin davamçısı, ata vəsiyyətinə əməl etmiş görkəmli sərkərdənin başçılıq etdiyi dövlətdə azad ve firavan həyat sürürük.
Yaşasın, Azərbaycan xalqı! Yaşasın, Ali Baş Komandanımız ! Yaşasın, Azərbaycan Ordusu !
Abdullazadə Türkanə,
Xəzər rayonu, 183 №li tam orta məktəbin müəllimi