E-mail: [email protected]
Fransız deputat yeni prezidentin kim olacağını açıqladı - EKSKLÜZİV
Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir. Prezident postu uğrunda hazırki dövlət başçısı Emmanuel Makron və ifrat sağçı Milli Birlik Partiyasının lideri Marine Le Pen mübarizə aparır.
Fransada aprelin 10-da prezident seçkilərinin ilk turu keçirilib. Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səs toplayıb. Onun rəqibi Le Pen isə 23,15% səs yığıb. Namizədlərdən heç biri 50 faizdən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.
Makron, yoxsa Le Pen?
Fransanın yeni prezidentinin kim olacağı maraq doğurur.
Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lambert prezident seçkiləri barədə gözləntilərini Modern.az saytına açıqlayıb.
“Məncə, Makron qalib gəlməyi bacarmalıdır. Çünki onun verdiyi vədlər rəqibindən daha üstündür. Rəqibi Le Pen isə həmişə əsasız iddialar irəli sürüb. Bunlardan biri də hicab taxmaq barədə cəfəngiyyatdır. Debatdan sonra bu iddialar haqında ikitərəflilik yaranıb. Xalqın seçimi artıq dəyişib. Düşünürəm ki, onların əksəriyyəti Le Penin qalib gəlməsini istəmir. Makron seçkilərdən qalib çıxacaq”, - fransız deputat bildirib.
Qeyd edək ki, Makronun əsas rəqibi olan müxalif namizəd Le Pen İslam dininin əleyhinədir və ölkədə hicabı qadağan edəcəyini vəd edir. Ümumilikdə isə Fransa islamofobiyanın əsas mərkəzlərindən sayılır və namizədlər səs çoxluğu qazanmaq üçün daha çox din kartından istifadə etməyə çalışırlar.
Milli Birlik partiyasının sədri Le Pen həm də anti-NATO və anti-Amerika tərəfdarıdır. Le Pen prezident seçilərsə, Fransanı NATO-dan çıxaracağını deyir. Həmçinin Le Pen Putinpərəst siyasətçi kimi tanınır.
Xatırladaq ki, bu gün Fransa vətəndaşları Bakıdakı səfirlikdə açılan seçki məntəqəsində də səs verə biləcəklər.