E-mail: [email protected]
Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB
İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir.
Belə olduqda ortaya maraqlı sual çıxır, əslində Ramazan bayramı neçə gün qeyd edilməlidir?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, Məhəmməd peyğəmbərin (s.ə.s.) zamanında Ramazan bayramı üç gün davam edirmiş:
“Bir ölkə bayramı 10 gün, digəri bir ay edir. Burada nəsə problem axtarmağa ehtiyac yoxdur. İsanın anadan olması məsələsində pravoslavlarla katoliklər arasında fikir ayrılığı var. Biri bu günü dekabrın sonlarında, digəri isə yanvarın əvvəlində edir. Buna nə deyək ki, təki bayram etsinlər. Qanuni baxımdan islamda elə bir şey yoxdur. Sadəcə, bu, bir ənənə, adətdir.
Məhəmməd peyğəmbərin (s.ə.s.) dövründə Ramazan bayramını üç gün, Qurban bayramını isə dörd gün ərzində qeyd edirdilər.
Bu mənada bayramı neçə gün qeyd etmələrinin elə də ciddi mənası yoxdur. Neçə gün istəyirlər, qoy qeyd etsinlər. Təki insanlar həyata hər gün belə pozitiv baxsınlar. Bayramla bağlı bir gözəl söz var, deyir: “Sevindiyin qədər yox, sevindirdiyin qədər bayram bayramdır”.