E-mail: [email protected]
Əlilliyin yeni meyarlarla təyinatı üçün mexanizm hazırdır
Azərbaycanda əlilliyin yeni meyarlarla təyin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir, demək olar ki, mexanizm hazırdır.
Turkdunyasi.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Nazirlər Kabineti artıq yeni meyarları təsdiq edib. “Bu sahə ilə əlaqədar üç təşkilat, Səhiyyə Nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və TƏBİB arasında da internet mübadiləsi aparılıb, elektron bazaları bir-biriləri ilə əlaqələndirilib.
2022-ci il iyulun 1-dən artıq yeni meyarlar eleckron qaydada tətbiq olunacaq. Hesab edirəm ki, yeni meyarların tətbiqi əlillik təyinatı ilə bağlı bir çox problemləri aradan qaldıracaq. Həm şəffaflıq təmin olunacaq, həm üzləşdiyimiz bir sıra problemlər aradan qalxacaq, həm də vətəndaşların vaxtında informasiya almaq imkanı olacaq və müraciət edən zaman qısa müddət ərzində ekspertiza aparılıb təyinatlar olacaq”, - deyə M.Quliyev bildirib.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.
İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik dərəcəsi almaq mümkün olacaq.