E-mail: [email protected]
11 yaşlı nəvəsinin öldüyünü deyən nənə İFŞA OLUNDU
Bir neçə gündür sosial şəbəkələrdə Bərdədə yaşayan qadının azyaşlı nəvəsinin klinikaların birində öldüyünü iddia etməsi barədə məlumat yayılmışdı. Jurnalistlərin diqqət çəkdiyi məlumatla bağlı dövlət qurumları araşdırmalara başlayıb.
Modern.az xəbər verir ki, son bəticələrə görə, qadının dedikləri - nəvəsinin ağacdan yıxılması, bağırsaqlarının partlaması, onun əməliyyata ehtiyacının olması və s. öz təsdiqini tapmayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı bildirib ki, qadının dedikləri həqiqətə uyğun deyil. Onun sözlərinə görə, 11 yaşlı uşaq sağ-salamatdır, ata-anasının yanındadır:
“Halbuki nənə uşağın hər iki valideyninin vəfat etdiyini söyləmişdi. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş. Özünü yazıq biri kimi təqdim edən qadın sadəcə dilənçiliyi, insanları aldadaraq “yetimdir” deyib pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində 2 evi və maşınları da var. Məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırıldı və həqiqət üzə çıxdı. Nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.
Qeyd edək ki, hüquq müdafiəçisi Kəmalə Ağazadə də bu gün məlumat paylaşaraq həmin qadının nəvəsini dilənçiliyə məcbur etdiyini bildirib və görüntülərini yayıb.