E-mail: [email protected]
Falçılıq dələduzluq hesab olunur - Dövlət Komitəsi
Son dönəmlər əksər sosial şəbəkə seqmentlərində özünü falçı və ekstrasens adlandıranların mütəmadi canlı yayımlar açaraq müştəri yığması, onların suallarına cavablar verməsinə tez-tez rast gəlinir. Bir çox hallarda falçılıqla bağlı xidmətlər təklif edilir.
Nəticədə vətəndaşların inamından sui-istifadə edilərək, külli miqdarda pulların mənimsənilməsi faktı baş verir. Bəs, görəsən, bu kimi halların baş verməməsi, hər kəsin istifadəçisi olduğu sosial şəbəkələrdə bu cür xidmətlərin göstərilməsi üçün hər hansı tədbir görülürmü? Bu məsələ necə tənzimlənməlidir?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova Yenisabah.az-ın bu məsələylə bağlı sorğusunu cavablandırıb:
“Azərbaycanda falçılığa və falçılıq adı ilə vətəndaşların aldadılmasına qarşı mübarizə zəruridir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların vəsaitlərini mənimsəmək yolverilməzdir. Bütün səmavi dinlər falçılığı və bu kimi hərəkətləri qətiyyətlə pisləyir. Falçılıq özü xurafatın bir elementi olmaqla yanaşı, hüquqi baxımdan da dələduzluq hesab olunur. Bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müvafiq maddələr mövcuddur. Eyni zamanda, Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində bu sahədə müəyyən tədbirlər görür, aidiyyəti qurumlarla birgə falçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində, onlarla mübarizə aparılmasında iştirak edir”.
Komitə rəsmisi bildirib ki, dələduzluq faktlarının olmaması üçün vətəndaşların maariflənməsi məqsədilə maarifləndirmə işləri aparılır: “Nəzərinizə çatdıraq ki, qeyd olunan məsələyə, ümumiyyətlə, xurafatla bağlı mövzulara Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzetində, həmçinin İctimai Tv-də “Din və cəmiyyət”, Mədəniyyət Tv-də “Haqqın dərgahı” və Space Tv-də “İnam” verilişlərində geniş yer verilir. Bundan əlavə, Dövlət Komitəsi və onun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maarifləndirici video-roliklər hazırlanaraq yayımlanır”.