E-mail: [email protected]
Psixi pozğunluğu olan insanlara niyə əziyyət verilir?! – REPORTAJ + FOTO
Bakı şəhəri 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında sözün əsl mənasında fəlakət yaşanır. Belə ki, autizm, Daun sindromlu və əlillik qrupu almaq üçün müraciət edən xəstələrin hər biri bu xəstəxanaya yönləndirilir. Bir müddət əvvəl Səhiyyə Nazirliyinin tabeliyində olan bir neçə sağlamlıq mərkəzinin fəaliyyəti dayandırılıb. Məsələn, əvvəllər komissiya həm Nərimanov rayonunda yerləşən Psixi Sağlamlıq Mərkəzində, həm də 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında fəaliyyət göstərirdisə, Psixi Sağlamlıq Mərkəzindəki komissiyanın ləğv edilməsindən sonra bu problemə görə müraciət edənlərin hər biri buraya göndərilir. Beləliklə, insanların saatlarla növbə gözləməsi xəstəxana daxilində və həyətində qarışıqlığa, bəzən xaosun hökm sürməsinə gətirib çıxarır.
Oxu.Az əməkdaşının sözügedən xəstəxanadan hazırladığı reportajı təqdim edir:
Saat 10:00-dan etibarən xəstəxananın girişində xəstə və xəstə yaxınları görünməyə başlayırlar və onlar növbəli şəkildə qəbul edilirlər.
Növbədə gözləyən xəstələrdən biri şikayət edərək bildirir ki, ilkin olaraq komissiyadan keçməlidir:
“Mütləq şəkildə beş gün xəstəxanada yatmalıyam ki, bununla bağlı rəsmi sənəd olsun. Daha sonra yenidən komissiyadan keçməliyəm. Bundan sonra sənədim poliklinikaya göndərilir. Poliklinika həkimləri onlara göndərilən şablon əsasında məni yenidən komissiyadan keçirməlidirlər. Buradan çıxan cavab bir daha 2 saylı Psixiatrik Kliniki Xəstəxanasına göndəriləcək və bir daha komissiyadan keçməli olacam. Təsəvvür edin ki, eyni xəstə iki dəfə poliklinikada, iki dəfə də 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında komissiyadan keçirilir və bundan sonra rəy verilir. Bir xəstəni bu qədər çək-çevirə salıb, əziyyət vermək kimə lazımdır?!”
Psixi pozğunluğu olan digər xəstənin atası da deyir ki, xəstəxanada növbə ilə əlaqədar problem yaşayırlar:
“Oğlum hazırda xəstəxanada yatır, lakin gördüyünüz kimi, xəstələr və yaxınları hava şəraitindən asılı olmayaraq növbədə gözləmək məcburiyyətindədirlər. Buradakı xəstələrin çoxunun nevroloji və psixi problemləri olduğunu nəzərə alsaq, onların bu cür növbələrdə gözləmələri əlavə problemlərə də yol aça bilir”.
Autizmdən əziyyət çəkən Tunar anası ilə bir neçə saatdır ki, növbənin onlara gəlib çatmasını gözləyir. Tunarın valideyni bildirir ki, əlacları yoxdur, gözləməlidirlər:
“Uşaq üç yaş yarımlıqdır və autizmdən əziyyət çəkir. Küləkli havada gözləmək məcburiyyətindəyik. Hər dəfə bu hal yaşanır, çünki xəstə çox, xəstəxana isə bir dənədir”.
Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva bildirib ki, istər autizm, istər Daun sindromlu, istərsə də psixi pozğunluğu olan insanların bu cür vəziyyətlə qarşı-qarşıya qalmaları narahatlıq doğurur:
“Bu hal xəstəxanada sıxlıq yaratmaqla yanaşı, eyni zamanda narazılıqlara səbəb olur. Aydın məsələdir ki, sözügedən xəstəliklər xüsusi simptomatik əlamətləri olan xəstəliklərdir. Məsələn, autizmli uşaqlar daim narahatlıqları olan uşaqlardır”.
Deputat qeyd edib ki, belə bir məsələnin Milli Məclisdə gündəmə gətirilməsini düzgün saymır:
“Problem elə yerindəcə həll edilməlidir. Məncə, fərqli xəstəliyə sahib olan vətəndaşları həftənin ayrı-ayrı günlərində və ya saatlarında qəbul etməklə qarışıqlığın qarşısını almaq olar”.
K.Əliyeva vurğulayıb ki, komissiyadan keçən xəstələrin hər biri psixi xəstəliklərdən əziyyət çəkən insanlardır:
“Ona görə gərginliyin aradan qaldırılması yolunu müəyyən qrafik şəklində xəstələrin qəbul edilməsində görürəm. Bu zaman yuxarıda sadalanan problem yaranmasa, onda elə məsələnin həlli üçün bu yolu seçmək olar. Lakin xəstə sayı çoxdursa və həqiqətən də, həmin say sıxlığa səbəb olursa, bu zaman iki ayrı səhiyyə mərkəzindən də istifadə etmək mümkündür”.
Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında hal-hazırda cəmi 18 həkim çalışır. Onlardan biri baş həkim, dördü həkim-psixiatr, biri laboratoriya həkimi, biri terapevt, biri də nevropatoloq kimi fəaliyyət göstərir.
Ümumi xəstə sayını nəzərə alsaq, mənzərə ürəkaçan görünmür. Bakı və Bakıətrafı kənd və qəsəbələrdən gələn xəstələrin saatlarla növbə gözləməsi də onu göstərir ki, həkim, eyni zamanda xəstəxanada otaq sayı xəstələrin normal şəkildə müayinədən keçmələri üçün kifayət etmir.