E-mail: [email protected]
DİN-dən “dövlət qurumlarında narkomanlar çalışır” iddiasına CAVAB
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa dövlət qurumlarında narkotik aludəçilərinin çalışması barədə diqqətçəkən çıxış edib.
“Bizdə olan qeyri-rəsmi məlumatlara görə, dövlət qurumlarında narkotik testindən keçməyən və narkotikə qurşanan şəxslər var. Biz bunun qarşısını almalıyıq”, - deyən parlamentari dövlət orqanlarını nəzarəti gücləndirməyə çağırıb.
Modern.az deputatın iddiasına aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanlayıb.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur.
“Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində hər hansı məlumat yoxdur. Tərəfimizdən fakt və əsas olmadan hər hansı qeyri-rəsmi məlumat, iddialar, fərziyyələr yoxlanılmadan şərh edilmir. Narkotik vasitələrlə bağlı daxil olan bütün məlumatlar diqqətlə yoxlanılır, təsdiqini tapan məlumatlarla bağlı müvafiq tədbirlər görülür”, - deyə DİN-dən verilən məlumatda qeyd olunub.