E-mail: [email protected]
Hacı Şahin getdi: bəs qalan şahinlər?
İlahiyyatçı alimin oğlu Hüseyn Həsənli isə deyib ki, atasına vəziyyətinin o qədər də ciddi olduğu söylənilməyib: “Bəli, iltizamnamə imzalanıb, amma həkim ona problemin ciddi olduğunu deməyiblər. Ona görə də atam xəstəxananı tərk edib”.
Hacı Şahin ani vəfatı ictimaiyyət arasında dərin sarsıntıya səbəb olub. Dövlət məmurları, deputatlar, ictimai-siyasi xadimlər, elm-mədəniyyət xadimləri, statusundan və dini baxışlarından asılı olmayaraq - əksəriyyət hadisədən sarsıldığına dair mövqeyini ifadə edib. İlahiyyatçının dəfnində isə böyük izdiham yaşanıb.
Bütün bunlar öz növbəsində Azərbaycanda dini savadlılığın vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Hər kəsi düşündür ki: radikal və xurafatçı dini meyllərin qarşısında dayanacaq peşəkar din xadimlərinin sayı niyə barmaqla sayılacaq qədərdir? Hansı səbəbdən ölkəmizdə belə insanların yetişdirilməsi problemə çevrilib?
Qeyd edək ki, 2001-ci ilin iyun ayından Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyətə başlayıb və bu qurum dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Adıçəkilən dövlət qurumu dindarların maariflənməsi və reyestrini də həyata keçirir. Eyni zamanda, beş ildir müstəqil qurum kimi fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu var və hər il yüzlərlə gənc bu ali məktəbdən məzun olur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, professor Anar İsgəndərov AYNA-ya açıqlamasında deyib ki, digər sahələrdə olduğu kimi, Azərbaycan dini təzyiqlərdən də əziyyət çəkir: “Çağdaş dövrün əsas problemlərindən biri də radikal dini cərayanların mövcudluğu ilə bağlıdır. Bu gün dünyada İslam pərdəsi altında, əslində isə İslam dininə qarşı düşmən mövqedə dayanan, gətirdiyi qaydaları tapdalayan İŞİD və digər terror təşkilatları fəaliyyət göstərir. Çox təəssüf ki, bu terrorçu qüvvələrdən İslam dinini nüfuzdan salmaq, onu ləkələmək üçün istifadə edirlər”.
“70 il ərzində Azərbaycanda sovet ideologiyası hakim olub. Bu ideologiya dinə düşmən mövqeyi ilə seçilib və insanların inanclarını məhdudlaşdırmağa xidmət edib. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, bu istiqamətdə də yol keçib. Nəzərə almaq lazımdır ki, ötən əsrin 20-30-cu illərində Azərbaycanda xeyli sayda dindar qətlə yetirildi. Bəziləri isə Sibirə və Orta Asiyaya sürgün olundular. Onların yerini isə İslamla bağlı savadı zəif, kasad adamlar tutdular. Bu, həm Azərbaycanda, həm də Orta Asiya ölkələrində belə oldu”, - deyə deputat bildirib.
O xatırladıb ki, SSRİ-nin süqutundan sonra bu məsələ yenidən aktuallıq qazanıb: “Dövlət və din münasibətləri mövzusu yenidən gündəmə gəldi. Kənar dövlətlərin müdaxiləsi, həm məzhəb, həm də ərazi baxımından müdaxilələr baş verdi. Yaxın keçmişdə çox təəssüf ki, Azərbaycan bunları yaşadı. Bu gün bir həqiqtədir ki, ölkəmizdə islami biliklər artır. Artıq insanlar kor-koranə deyil, şüurlu və savadlı şəkildə islama yanaşırlar. Azərbaycan İlahiyyat İnstitutu hər il xeyli sayda mütəxəssis yetişdirir. Bu təhsil ocağında çox peşəkar kadrlar hazırlanır”.
“Heç şübhəsiz ki, Hacı Şahin Həsənli, Ağarəşid Talıbov kimi mütəxəssislərin istedadı inkar oluna bilməz. Hacı Şahin Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Bakı Dövlət Universitetinin Tarix, Ağarəşid Talıbov isə Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültələrini bitiriblər. Sonradan hər ikisi dini təhsil alaraq nüfuzlu din xadiminə çevrildilər. Belə insanların gücü ilə razılaşmaq, hesablaşmaq lazımdır. Azərbaycanın şeyxlərindən olmuş Ağa Əlizadənin peşəkar ilahiyyatçı bacarıqları bütün dünyaya səs saldı”, - deyə həmsöhbətimiz vurğulayıb.
İsgəndərovun sözlərinə görə, Azərbaycan bəziləri üçün elə “yağlı tikədir” ki, onun ərazilərinə və dini baxışlarına hər zaman təcavüz etməyə çalışan qüvvələr mövcud olub: “Azərbaycanda din dövlətdən ayrı olsa da, dini fəaliyyət üçün heç bir məhdudiyyət yoxdur. Açıq şəkildə etiraf etmək lazımdır ki, kifayət qədər peşəkar dindarlarımız mövcuddur. Onlar 44 günlük Vətən müharibəsində də fəal iştirak etdilər. Şəhidlik mərtəbəsi, İslamda bunun fəziləti barədə hərbçilərimizə dəstək oldular”.
Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu mövzuya dair AYNA-ya şərhində deyib ki, dini savadlılığın artırılması vacib amillərdəndir: “Azərbaycanda din dövlətdən ayrı olsa da, dini fəaliyyət üçün heç bir məhdudiyyət yoxdur. 70 il Sovetlər İttifaqının tərkibində olduğumuz dövrdə dini inanclara qarşı repressiya siyasəti həhata keçirilib. Ötən əsrin ikinci və üçüncü onilliyində minlərlə ilahiyyatçı qətlə yetirilib, sürgünə göndərilib. Burada məqsəd insanların dini inancını məhv etmək idi. Müəyyən mənada buna nail oldular”.
“Kainatdan enerji daşıyıb ətrafa paylayan insanlar öz xəbərləri olmasa belə, ətraflarında hər zaman yüksəlişin, ziyanın artmasına kömək edirlər. Mənəviyyatımızı zənginləşdirən, öz əmək və fəaliyyətimizə daha yaradıcı münasibət bəsləməyə, başqa insanlarla qarşılıqlı ahəngdə yaşamağa kömək edən şeylər tərəqqiyə xidmət edir və müqəddəs sayılır. Biz bunu bəzi dindarlarımızın timsalında görürük. Bu baxımdan dini savadlılığın artırılması prioritet istiqamətlərdən biri olmalıdır”, - deyə Qəşəmoğlu fikrini yekunlaşdırıb.