E-mail: [email protected]
Bu il qəbul imtahanları çətin olacaq? - Ekspertlər nə deyir...
Bəzi təhsil ekspertləri bildirirlər ki, buraxılış imtahanları bundan öncəki imtahanlarla müqayisədə ağır keçib və bu da tələbə olmaq istəyən abituriyentlərin işini çətinləşdirəcək. Ehtimal olunur ki, buraxılışla yanaşı builki qəbul imtahanları da asan olmayacaq. Deyilənlərin real olduğu bilinməsə də, valideynlər indidən narahat olmağa başlayıblar.
Bəs təhsil ekspertləri necə düşünürlər? DİM ali məktəblərə qəbul imtahanını çətinləşdirəcəkmi?
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi əvvəlcə buraxılış imtahanları ilə bağlı etirazlara münasibət bildirib.
"Ümumi imtahanın çətinliyi əsasən Riyaziyyat fənnində olan 83-cü sual, eyni zamanda Azərbaycan dilindən mətn tipli sualların həcminin böyük olması ilə bağlı idi. Məhz bu sualların bir qədər çətin olması abituriyentlər və onların valideynləri tərəfindən bildirildi. Biz də ümumi araşdırma apardıq və nəticə etibarilə onların haqlı olduğunun gördük. Düşünürəm ki, mətn elə seçilməlidir ki, abituriyentin vaxtına daha çox müdaxilə etməsin. Abituriyent normal şəkildə vaxtdan istifadə edə bilsin. Mətnlərin həcmi kiçik olmalı idi ki, abituriyentlər 3 saatlıq imtahan müddətində çox vaxt itirməsin. Riyaziyyat suallarında da, sualın cavabının yazılması çox çətin mərhələdən ibarət olmamalı idi. Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti 12 mart tarixində keçiriləcək imtahanda bunlar nəzərə alınmalıdır", - o deyib.
Ekspert hesab edir ki, imtahan suallarının çətin olması nəticələrə təsir göstərəcək:
"Buraxılış imtahanı strateji imtahandır. Buraxılış imtahanında əldə olunan nəticə əsasında abituriyentlər ali təhsil müəssisələrinin 1, 2 ,3 və 4-cü qrupu üzrə 300 bal toplayırlar. Eyni zamanda bu imtahan nəticəsi əsasında 5-ci ixtisas qrupu üzrə müvafiq olaraq qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edə bilirlər. Bundan əlavə, abituriyentlər 11 illik təhsil bazasından kolleclərə məhz bu imtahan əsasında qəbul olunurlar. Düşünürəm ki, qarşıdakı imtahanlar da eyni səviyyədə keçirilsə, maksimal nəticəni 1, yaxud 2 nəfərin toplamaq ehtimalı olacaq".
E.Əfəndi buraxılış imtahanından fərqli olaraq, blok imtahanlarının o qədər də çətin olmayacağını düşünür:
"Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi buraxılış imtahanları tam başa çatdıqdan sonra statistik olaraq təhlil aparılacaq və onun əsasında imtahan suallarına baxılacaq. Blok imtahanına salınan sualların daha çətin olacağını düşünmürəm. Sadəcə blok imtahanında problem ondan ibarətdir ki, 4 səhv 1 doğru cavabı aparır. Məhz bu nüans abituriyentlərin blok imtahanında daha aşağı nəticə əldə etmələrinə səbəb olur. Dövlət İmtahan Mərkəzi bunu nəzərə alıb, blok imtahanında sualları abituriyentlərin bilik səviyyəsinə uyğun hazırlamalıdır".
Təhsil eksperti Kamran Əsədov isə vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi (DİM) həmişə biliyin qiymətləndirmə prinsipini əsas götürüb:
"DİM qəbul və buraxılış imtahanındakı sualları orta məktəblərin tədris proqramına uyğun olaraq hazırlayır. Amma biz birmənalı şəkildə sualların kifayət qədər asan olduğunu deyə bilmərik. Rəqəmlərə baxsaq görərik ki, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin nəticələri kifayət qədər aşağı olub. Hətta orta və yaxşı hazırlıqlı abituriyentlər belə bütün sualları cavablandırmaqda əziyyət çəkiblər. Xüsusilə Riyaziyyat fənnində və Azərbaycan dilində mətn tipli suallar çətinlik yaradıb. Bu, onu göstərir ki, imtahanda istifadə edilən sualların ağırlıq səviyyəsi kifayət qədər yüksək olub. Biz başa düşməliyik ki, 5 mart tarixindəki imtahanda iştirak edən şagirdlər pandemiya dövründə buraxılış imtahanı vermiş şəxslərdir. Onların imtahan sualları kifayət qədər çətin olmalı deyildi".
K.Əsədov blok imtahanlarının çətin olmayacağı qənaətindədir:
"Təbii ki, qəbul imtahanlarının bu qədər çətin olacağını düşünmürəm. Ona görə ki, qəbul imtahanları ilə bağlı vəziyyət tamamilə fərqlidir. Çünki bu il ali təhsil müəssisələrinin qəbul yeri 50 mindən 60 minə qədər artırılacaq. Nəzərə alaq ki, keçən il plan yeri 50 min ətrafında idi və yanlız 46 min yer dolmuşdu. Ümumiyyətlə, keçid balını toplayan, müsabiqə şərtini ödəyənlərin sayı kifayət qədər az idi. Yəni bu amillərin hər biri imtahanlarda asan və orta tipli sualların çox olmasını qaçılmaz edir. Plan yerləri artırılıb və ali təhsil müəssisələri maliyyə imkanlarını, özlərinin fəaliyyətini qəbul proqramının üzərində müəyyənləşdirib.
Hesab edirəm ki, biz ali təhsil müəssisələrinin qəbul plan yerindən danışanda mütləq şəkildə bəzi nüansları nəzərə almalıyıq. Qəbul imtahanları nə qədər çətin olarsa, plan yerləri boş qalacaq. Mən hesab edirəm ki, burada ikinci vacib məqam növbəti imtahanların ağırlıq səviyyəsini aşağı salmaqla bağlıdır. Mən düşünmürəm ki, imtahanlar növbəti mərhələdə çətin olacaq. Fikrimcə, sadə sualların faizinin çoxalması ehtimalı yüksəkdir".