E-mail: [email protected]
Yaşlı müəllimlərlə bağlı ZİDDİYYƏT – Əvvəl istəmirdilər, indi imtahan tələb edirlər
Azərbaycanda yaşı 60-ı keçən müəllimlər sertifikasiya imtahanına buraxılmayacaq. Bu yaş kateqoriyasında təmsil olunan 5700-dən çox müəllimin sertifikasiyada iştirakına icazə verilməyib. Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib ki, yaşlı müəllimlərin imtahanda könüllü iştirakı ləğv olunub.
"20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - o deyib.
Belə bir qərarın qəbul olunması birmənalı qarşılanmayıb. Bəzi müəllimlər maaşlarına artım edilməsi üçün sertifikasiyadan keçmək istədiklərini söyləyiblər.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov sözügedən qərarın qanunla tənzimləndiyini diqqətə çatdırıb:
“Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Milli Məclis qanuna dəyişiklik etdi. Dəyişikliyə əsasən 60 yaşdan yuxarı müəllimlərin serifikasiyası məcburi deyil. Bu məsələ qanunla tənzimlənir. Düşünürəm ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, əvvəlki dövrdə bununla bağlı davamlı olaraq müxtəlif narazılıqları görürdük. Qanunda edilən dəyişiklik isə 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyadan keçməsinin könüllü qaydada həyata keçməsini mümkün edir. Qanunda dəyişiklik bunu nəzərdə tutur. Qanunun göstərdiyi məsələ odur ki, 60 yaşından yuxarı müəllimlərin sertifikasiyadan keçməsi məcburi deyil”.
Təhsil eksperti Elçin Efəndi müzakirə doğuran qərarın müəllimlərin istəyinə əsasən qəbul edildiyini söyləyib.
“60 yaşdan yuxarı müəllimlərin sertifikasiyaya buraxılmaması müəllimlərin öz istəyi ilə nəticələnən prosesdir. Çünki yekunda sertifikasiya keçiriləcək deyəndə 60 yaş üzəri olan müəllimlər prosesdə iştirak etməyəcəklərini, yaxud müxtəlif üsullarla prosesdən yan keçəcəklərini bildirirdilər. Demək olar ki, onların bu fikirləri nəzərə alındı və müvafiq olaraq qanun layihəsi qəbul edildi. Düzdür, qanun layihəsi qəbul olunsa da, hələ rəsmi olaraq dövlət başçısı tərəfindən təsdiqlənməyib. Amma ilkin olaraq Milli Məclis bunu qəbul edib. Elm və Təhsil Nazirliyi, İnsan Resursları Mərkəzindən açıqlama verildi ki, konkret olaraq həmin qanun layihəsi əsas gətirələrək məhz 60 yaşdan yuxarı olan müəllimlər imtahanda iştirak etməyəcəklər. Təbii ki, 10 illik prinsip əsasında kim istəsə iştirak edə bilər. Amma yenə də biz tamamilə fərqli və ziddiyyətli məqamları görürük. Müəllimlərin əksəriyyəti imtahanda iştirak etmək istəyir. Hansı ki, əvvəl istəmirdilər, amma indi istəyirlər. Hətta son günlər müəllimlərdən imtahanda iştirak etmək istəyi ilə bağlı xeyli sayda müraciətlər daxil olub".
Ekspertin sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanında iştirak etmək istəyi birbaşa əməkhaqqı ilə bağlıdır.
“Düşünürəm ki, burada birbaşa məqsəd əməkhaqqı ilə bağlıdır. Bilirsiniz ki, nəticəsi 50 bal üzəri olanlara 35 faiz, 50 bala qədər olanlarda isə müvafiq olaraq 10 faiz əməkhaqqı artımı edilir. Onların məhz bu amili nəzərə alaraq imtahanda iştirak etmək istədiklərini düşünürəm. Amma ümumilikdə qərar verilib. Bu qərar onların öz istəyi əsasında verilib. Düşünürəm ki, bundan sonra həmin şəxslər müsabiqədə iştirak etməyəcəklər. Çalışma fəaliyyəti başa çatana qədər müvafiq 5 il idarə edib, sonra təqaüdə göndəriləcəklər”.
Elçin Əfəndi düşünür ki, sertifikasiya prosesi təhsilin inkişafına müsbət təsir göstərir:
“Sertifikasiyanın məntiqi sonluğuna qaldıqda isə düşünürəm ki, təhsilimiz adına müsbət nəticələr verəcək. Ən azından ona görə ki, bu prosesə artıq ötən ildən başlanılıb. Müəyyən qədər müəllim heyəti var ki, onlar ümumi olaraq öz bilik və bacarıqlarını nümayiş etdirə bilməyiblər. Hansı ki, bir çox ibtidai sinif müəllimləri var ki, onlar istər Azərbaycan dili, istər riyaziyyat və öz fənlərinin tələb etdiyi pedoqoji istiqamətlər barədə məlumata sahib deyillər. Düşünün ki, bu müəllimlər övladlarımıza dərs deyirlər. Belə müəllimlər prosesdə qalmalı deyil. Onlar ya təhsil prosesindən yayındırılacaq, yaxud da uzaqlaşdırılacaqlar. Hesab edirəm ki, onları savadlı kadrlar əvəz etdiyi zaman təhsil adına daha yaxşı nəticələr görəcəyik”.