E-mail: [email protected]
Marketlərin bonus fırıldağı: Müştərilər necə aldadılır? - ARAŞDIRMA
Hər birimiz gündəlik olaraq müxtəlif marketlərin müştərisi kimi bonuslardan yararlanırıq. Ancaq fikir versək görərik ki, əksər vaxt bonus kartları reklam edildiyi qədər faydalı deyil.
Əlbəttə ki, hər bir müəssisənin marketinq siyasəti və bonus qaytarmaq şərtləri fərqlidir. Bəzilərində ümumiyyətlə bonus kartı olmadan endirimdən faydalanmaq olmur.
Maraqlı məqam isə odur ki, əksər hallarda müştəriyə bəh-bəhlə bonus kartı təqdim edilir, haqqında bütün məlumatlar alınır. Lakin endirimlər haqqında məlumat verilsə də, bonusların itməsi, endirimlərin bitməsinə dair heç bir məlumat göndərilmir. Hərçənd ki, hər bir marketlər şəbəkəsi öz müştərilərini bonus kartından istifadəyə görə təyin edə bilir.
Bizim.media-nın redaksiyasına müraciət edən şikayətçilərdən biri iddia edir ki, bir çox marketlərdə tütün məmulatları və spirtli içkilərə görə ümumiyyətlə bonus verilmir.
Bəs qanunda bununla bağlı hansısa qadağa nəzərdə tutulubmu?
Hüquqşünas Zaur Quliyev bildirir ki, müəyyən qrup məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulsa da, bonusun verilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.
“Qanunda əlavə dəyər vergisinin qaytarılması ilə bağlı tütün məmulatları, un və un məhsulları həmçinin digər nəzərdə tutulmuş məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulub. Amma bonus sistemi mağaza və dükanların, eləcə də bankların özlərinin layihələridir. Qanunda bununla bağlı bir qadağa yoxdur. Ona görə də müştəri cəlb etmək üçün həmin layihələri həyata keçirilməsində supermarketlər tamamilə azaddırlar”.
Bəs bonus kartları müştəriyə verildiyi halda, ona bonusun düşmədiyi və ya kartdakı bonusun itəcəyi barədə niyə əvvəlcədən xəbərdarlıq edilmir?
Qida üzrə ekspert, restorator Məmməd Əhmədovun sözlərinə görə, marketlərdə bonus və müəyyən hədiyyələr xüsusi daxili proqramla müəyyən edilir ki, bir çox hallarda da düzgün olmayan hesablama aparılır:
“Hər bir iaşə obyektinin istər restoranın, istərsə hər hansı market şəbəkəsinin, adi supermarketin belə marketinq siyasəti var. Onlar bununla bir növ müştəriləri cəlb edirlər. Bildirilir ki, “müəyyən miqdar alış-veriş edin sizə güzəşt ediləcək”. Bəlli bir tarixdə seçim aparılır və qalib müəyyənləşir. Yaxud müəyyən məbləğ qoyulur və həmin vaxtda hədiyyələr verilir. Təbii ki, bu prosesi izləmək çətindir. Onu müştəri özü də bilmir.
Hazırda kampaniya şəklində məsələn, 50 manatlıq alış-veriş edəndə 50 bonus və yaxud başqa endirim edilir. Bütün bu proseslər isə istehlakçının hüquqları qorunması şərtilə olmalıdır. Çünki istehlakçı ora gedirsə, qarşı tərəf də bunu təmin etmək məcburiyyətindədir”.
“Bonusun itəcəyi ilə bağlı müştəriyə məlumat verilməməsi qanun pozuntusudur”
Ekspert bildirib ki, buna yalnız aidiyyəti qurumlar nəzarət edə bilər. Məmməd Əhmədov həmçinin vurğulayıb ki, bəzi marketlər bonusun itəcəyi barədə müştəriyə məlumat göndərmirsə, bu, həmin marketlər şəbəkəsinin istehlakçıya qarşı etdiyi qanun pozuntusudur:
“Hər bir müştərinin bonus kartı alarkən telefon nömrəsi, e-maili və haqqında digər məlumatlar alınırsa, sözügedən məlumatları da göndərməlidirlər. Çünki əgər o məlumat bazası varsa və endirimlər, müəyyən kampaniyalar haqqında insanlara məlumat göndərildiyi kimi, eyni o mexanizmlə də bonusun itməsi və s. kimi məsələlərə bağlı da istehlakçını - müştərini məlumatlandırmaq lazımdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan istehlakçıları bir ildə almadıqları mal üçün təxminən 500 milyon manat pul ödəyirlər.
“Bonus kartlarına yüklənmələr haqqında problemlər istisna hal deyil. Çünki marketlər istehlakçıların ən çox aldadıldığı yerdir. Marketlərdə təkcə bu yox, insanların almadığı məhsula görə pul çıxılması və s. halları da baş verir”.