E-mail: [email protected]
Ekologiyanı prokurorluq qoruyur, nazirlik artıq qurumdur
Sadiq oxucularımız xatırlayarlar, saytımız Göyçay rayonunun Qarabaqqal kəndi ərazisinin paybəlli, örüş və s. torpaqlarının qeyri-qanuni qazılaraq “kamaz” yük maşınlarıyla “İftixar – Ali”MMC kərpic zavoduna və digər vətəndaşlara satılması haqda tənqidi yazılarla çıxış edib. Bu və başqa qanunsuzluqların baş verdiyi (quşların qeyri-qanuni ovlandığı, çay yataqlarının qazıldığı, dövlət meşə fondu torpaqlarının zəbt olunduğu və yerində əkin salınması və s.) barədə 8 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq müəllimə ünvanladığımız suallar cavabsız qalmışdı. Sözügedən kərpic zavodunda işçilərin əməyinin mühafizəsi tələblərinə riayət edilmir, yəni, qoruyucu geyim və kaskalardan istifadə edilmir, işçilərin əksəriyyəti qeydiyyata alınmır, gəlirlər vergidən yayındırılırdı və s. Kərpic zavodunun sahibi tərəfindən ora qanunsuz torpaqlar qazılıb daşınan zaman "Kamaz" markalı maşınların dövlət nömrə nişanlarına palçıq sürtürdülər ki, qoy tanınmasın. Zavodda istismar edilən 630 kva transformatorun texniki şərti yox idi. Yoxlama gələndə deyirdilər ki, transformatorun sənədləri itib.
Həmin məqalələrdə sərt bir sual sual ortaya qoymuşduq: “Necə olur ki, qarlı-şaxtalı günlərdə ermənilər yaşayan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edə bilirdilər, amma ölkənin başqa regionlarında baş verən ekoloji fəlakətləri görmürlər. Bu isə o anlama gəlir ki, baş verməkdə olan neqativ halların hərəkətverici qüvvəsi elə ETSN rəhbərliyinin, nazir Muxtar Babayevin, nazir müavini Vüqar Kərimovun və başqa yüksək vəzifəli şəxslərin özləridir, onların tətbiq etdikləri, çox vaxt da elə sələflərindən – keçmiş nazir və nazir müavinlərindən əxz etdikləri korrupsiya sxemidir.
Görünür, bu sualın yer aldığı məqaləni müşayiətedici məktubla göndərdiyimiz Baş prokurorluqdan dolaşıb ünvanlandığı Nazirliyin “divarlarını titrətdi” və baxılması üçün 8 saylı RETSİ-yə ötürüldü.
Regional İdarədən redaksiyamıza daxil olmuş 21 iyul 2023-cü il tarixli məktubda bildirilir ki, cari ilin mart ayında Göyçay çayının sol tərəfində yerləşən dağlıq ərazidən gilin götürülməsi faktı ilə əlaqədar kərpic istehsalı fəaliyyətini həyata keçirən və Göyçay rayonu B.Mirzəyev, ev 4 ünvanda yerləşən “İftixar” kiçik müəssisəsinin icraçı direktoru Hüseynalıyev Tərlan Alı oğluna istinad olunaraq sözügedən ərazidən gil çıxaran şəxsin Göyçay rayonu Mirzəhüseynli kənd sakini Mustafayev Ağaisa Feyzulla oğlu olması müəyyən edilmiş və bununla bağlı akt, A.Mustafayev barəsində akt və protokol tərtib edilmişdir: “Həmçinin, götürülmüş gil materialının həcmi 33 kub/metr müəyyən edilmiş və 693,0 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. Sonradan Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Monitorinq və nəzarət şöbəsinin mütəxəssisinin iştirakı ilə sözügedən əraziyə keçirilmiş təkrar baxış nəticəsində ərazidən ümumilikdə 687 kub/metr həcmində qanunsuz gil hasilatının aparıldığı məlum olmuşdur. Bundan əlavə, qanunsuz gil hasilatının aparıldığı ərazidə 23 ədəd kol bitkisinin çıxarılaraq məhv edilməsi faktı müəyyən olunmuşdur.
Faktla bağlı 05.04.2023-cü il tarixli akt tərtib olunmuş və 687 kub/metr həcmində gilingötürülməsi nəticəsində təbiətə dəymiş ziyan 14427,0 manat, köküstə yaş 23 ədəd kolun məhv edilməsinə görə təbiətə dəymiş ziyan 4880,0 manat müəyyən edilmişdir.
Məsələ ilə əlaqədar “İftixar” kişik müəssisəsinin icraçı direktoru Hüseynalıyev Tərlan Alı oğlunun razılığı ilə sözügedən müəssisənin daxilində yerləşən kərpic istehsalında istifadə etdiyi xammala keçirilmiş vizual baxış zamanı müəyyən edildi ki, müəssisədə aşkar olunmuş gil kütləsi ilə sözügedən ərazidən götürülmüş gil kütləsi morfoloji və fizioloji baxımdan eynidir. Lakin, Tərlan Hüseynalıyev göstərilən faktlarla razılaşmamış və hazırda müəssisədə mövcud olan 140,0 kub/metr həcmində gil kütləsini tanımadığı “Shaqman” markalı avtomobillərin sürücülərindən alması barədə izahat vermişdir.
Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığı üçün iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi 25.04.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir”.
Belə qənaət hasil olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Nazirliyin yerlərdəki struktur vahidləri vətəndaşlardan, kütləvi informasiya vasitələrindən daxil olan şikayətləri, tənqidi məqalələrdə ehtiva olunan qanunsuzluq faktlarını heç də məmnun qəbul etmir, Yəni, bu şikayətlər mütləq prokurorluq orqanlarından dolanıb gəlməlidir ki, ETSN öz vəzifəsini icra etsin. Sual olunur: Bu hərəkətsizlik nədən doğur – laqeydlikdənmi, səhlənkarlıqdanmı, yoxsa, qanunsuzluqları ört-basdır etmək istəyindənmi? Belə çıxır ki, ekologiyamızı və təbii sərvətlərimizi prokurorluq qoruyur, ETSN isə lazımsız, dövlətdən havayı maaş alan bir qurumdur.
İbrahim Hümbətov