okt
2023
14:00
257

Tel:+99450 352 82 91
E-mail: [email protected]

OBA” market aldatdığı müştərilərə hədiyyə təklif edir

6 okt, 2023
14:00
13257

Son vaxtlar alıcılar tez-tez iri market şəbəkələrində, ələlxüsus da “Veysəloğlu” Şirkətlər Qrupuna aid “OBA” marketlər şəbəkəsində xidmətin keyfiyyətindən narazılıq edirlər. Belə ki, vitrində bəzi məhsulların endirimdə olduğu yazılır və endirim qiyməti göstərilir, kassada isə həmin məhsul endirim deyil, real qiymətinə satılır. Yalnız kassa çekinə diqqət edən müştərilər bundan xəbər tuta bilirlər. Alıcılar həmçinin endirim kampaniyalarının arxasında da bəzi hiylələr olduğunu, vaxtı keçən və ya keyfiyyətsiz məhsulların qiymətinin aşağı salındığından şikayətlənirlər.
Qapıdan girən kimi istehlakçıya potensial oğru kimi baxırlar. Əşyalarını alıb harasa yerləşdirirlər. Orda da bir şey itsə, heç kəs cavabdehlik daşımır. Bütün bunların səbəbi odur ki, marketlər üçün Nazirlər Kabinetinin heç bir qayda-qanunu yoxdur. İstehlakçı problem yaşıyıb dövlət orqanına müraciət edəndə isə deyirlər ki, onların öz ərazisidir, özləri bilər. Halbuki, “OBA” marketlər şəbəkəsinə aid mağazalar bəzən özləri dövlətdən oğurluq edirlər. Məsələn, bu il avqustun axırlarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Suraxanı rayonunda monitorinq apararkən bir çox obyektlərdə, o cümlədən, “OBA” marketdə içməli sudan qanunsuz istifadə halları aşkarlayıb. Keçirilən nəzarət tədbirləri nəticəsində obyektin içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkar edilib. Belə ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən istifadə edib. Fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Cənab prezident daim iqtisadi çıxışlarında ölkədə süni qiymət artımının varlığını dilə gətirir və tapşırıqlar verir. Ancaq qaydalar olmadığı və ya mövcud qaydalara əməl edilmədiyi üçün belə bir vəziyyət yaranır. Bu da marketlərdə süni qiymət artımında böyük rol oynayır.
“Veysəloğlu” Şirkətlər Qrupunun marketlər şəbəkəsi olan “OBA Market” MMC 2016-cı ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Ötən ilin iyulundan MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə “Veysəloğlu”nun öz kadrı olan maliyyəçi Natəvan İbrahimova irəli çəkilib. Fəaliyyətinə 2016-cı ildə başlayan “OBA” marketlər şəbəkəsi əsas məqsədinin gündəlik təlabat məhsullarının mümkün olan ən ucuz qiymətə və yüksək keyfiyyətlə müştərilərə təqdim etmək olduğunu göstərir. Hərçənd, internet üzərindən hətta ötəri, vizual axtarış elan edəndə rast gəlinən şikayətləri başqa mətləblərdən xəbər verir.
“OBA Market” barəsində dəfələrlə müvafiq qurumlar tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokollar tərtib edilib. Belə protokollardan biri hal-hazırda baxılması üçün verildiyi Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılır.
Şirkətin əliəyri siyasəti ilə bağlı internet informasiya məkanında yetərincə şikayət və iradlar, tənqidi fikirlər vardır. Məsələn, Bildir.az saytında internet istifadəçilərinin “OBA Market”dən gileylərini ifadə edən bu kimi şərhləri qalmaqdadır.
Əbdüləli Müslümzadə, 11 iyul 2023-cü il: “Salam, terminaldan ödəniş edərkən, qəbzdə olan məbləğdən 4 AZN çox vurulub terminalda, ola bilsin səhvən vurulub, bunu ƏDV vurarkən bildim, bu məsələ ilə bağlı hara yaxınlaşmalıyam? Alış - veriş etdiyim filialdan uzaq qalıram, yoxsa, özlərinə müraciət edərdim”.
Elvin Rüstəmov, 18 aprel 2023-cü il: “Göyçay şəhərinin mərkəzində olan “OBAS Market” bütün marketlərdə havayı olan paketləri fürsətdən isdifadə edib 3 qəpik hesab edirlər. Vallah, belə də olmaz daa”.
Kazım Ağayev, 1 aprel 2021-ci il: “OBA Market”də qiymətlər ucuz olsa da, məhsulların keyfiyyəti çox aşağıdır, neçə dəfə vaxtı keçmiş məhsulla qarşılaşmışam”.
Bu günlərdə bu sətirlərin müəllifi də “OBA Market”in xidmətindəki yumşaq ifadə ilə desək, qüsurları ilə rastlaşıb. “OBA RETAİL CHAİN” MMC-nin Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 40 B ünvanda fəaliyyət göstərən mağazasında vitrində qiyməti 0,99 AZN yazılmış led lampasının qiymətinin kassirin verdiyi qəbzdə 1,95 AZN qeyd edildiyini evə gedəndən sonra aşkarladım. Sonra müdiriyyətin telefonunu öyrənib vatsap vasitəsilə səsli mesajlaşdım. Mağaza müdiri ola bilsin həmin malın qiymətinin vaxtilə endirimdə olduğunu, amma endirim kampaniyası bitdikdən sonra yeni qiyməti əks etdirən elanın asılmadığını təxmin etdiyini bildirdi. Sonra isə aradakı təxminən 1,0 AZN (bir manat) qiymət fərqinin əvəzində narazı müştəriyə nəsə hədiyyə edə biləcəklərini təklif etdi. Ən nəhayət, ehtimal bildirdi ki, müştəri led lampaların modellərini səhv sala bilər, müvafiq olaraq fərqli modellərin qiymətləri də fərqli olmalıdır.
Təbii ki, mağaza müdirinin ortaya qoyduğu arqumentlər bütün hallarda tutarlı deyil. Məsələn, satılan məhsulun qiyməti endirimdə olubsa, kampaniya dayanandan sonra rəfdə qiyməti göstərən elanlar niyə vaxtında dəyişdirilməməlidir? İkincisi, tutaq ki, mağaza müdiri narazılığını ifadə edən müştəriyə maddi güzəşt etməyə hazırdır, bəs elə isə aldadıldığından xəbəri olmayan müştərilərin mənafeyini kim qoruyacaq? Üçüncüsü, ucuz model led lampalarının qiyməti üstündə göstərilirsə, bahalı model malın qiyməti niyə gizlədilməlidir?
Belə olan hallarda “OBA” Marketlər Şəbəkəsi uzaqbaşı şikayət edən müştərilərə texniki yanlışlıq olduğu bildirilir. Həmçinin qeyd olunur ki, marketlər şəbəkəsində texniki problemlər qaçılmazdır, lakin belə hallar yaşanarsa, istehlakçı hüquqlarına əsasən müştəri məhsulu hər zaman rəfdə gördüyü qiymətə əldə edə bilər. Yaxşı halda xatırladılır ki, “OBA” Marketlər Şəbəkəsi müştəri məmuniyyətini öndə tutaraq “Qiymət etibarlılığı” adlı qəbul etdiyi müştəri hüquqlarına əsasən, rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi miqdarı eyni qiymətə olarsa) ucuz olan qiymət keçərlidir. Pis halda isə deyirlər ki, müştərinin bildirdiyi şikayətlərin əsası yoxdur və yanaşması qərəzlidir.
Ona görə istehlakçılara üzümüzü tutub deyirik ki, ərzaq malının keyfiyyətində problem olarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər. Qiymətdə aldadılma hiss edərlərsə, 195 telefon xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.

İbrahim Hümbətov


“OBA” market aldatdığı müştərilərə hədiyyə təklif edir
“OBA” market aldatdığı müştərilərə hədiyyə təklif edir
“OBA” market aldatdığı müştərilərə hədiyyə təklif edir
“OBA” market aldatdığı müştərilərə hədiyyə təklif edir
“OBA” market aldatdığı müştərilərə hədiyyə təklif edir







Bizimlə əlaqə saxlayın