E-mail: [email protected]
Uşaq ölümünə görə LİDERDİR, AMMA... - İLGİNC FAKT
Son illər Azərbaycan cəmiyyətində mükafat verənlərin, mükafat alanların və mükafatlandırılmağa həvəsi olanların sayı artmaqdadır.
Dərd ondadır ki, saysız-hesabsız mükafat verənlərin çoxunun verdiyi mükafatların nə önəmi, nə də əhəmiyyəti var. Hətta mükafatı bazara çevirənlər də var. Onlara “dur” deyən də yoxdu. Belə başıpozuqluqda kimə gəldi, necə gəldi “mükafatlar”, “diplomlar”, “medallar” paylamaqla məşqul olanlar çoxdur. Mükafat, ad aludəçisi olan bir çox insan isə belə mükfat təkliflərinə hər zaman açıqdır. Onlar üçün fərqi yoxdur, bu mükafatı verən kimdir, yaxud bu mükafata layiqdirlərmi, çünki həmin mükafatların çox təmtəraqlı adları olur.
Jurnalistika aləmində də belə bir biabırçılıq baş alıb gedirdi. Çatana “Qızıl Qələm” mükafatı verən təşkilat həmin mükafatı əməllicə gözdən saldı. Jurnalistikaya aidiyyəti olmayan şəxslər geninə-boluna həmin mükafatın sahibi oldular, fəxrlə qürrələndilər. Amma bu bazara da son verildi. “Təzadlar” qəzetinin baş redktoru Asif Mərzilinin Azərbaycan Mətbuat Şurasına müraciətindən və MŞ rəhbərliyinin işə ciddi reaksiyasından sonra “Qızıl Qələm”i gözdən salanlar bu “istehsalı” dayandırdılar... Və bu, ətrafı “qızıl qələmçilərlə” dolu olan jurnalistlərin qələbəsi oldu. Çünki peşəkar jurnalistlərin heç biri gözdən salınmış həmin mükafatla təltif olunmağı özünə rəva bilməmişdi və bilmirlər.
Ötən gün sosial şəbəkələrdə yayılan məlumatdan aydın oldu ki, sən demə, “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB-i sentyabr, oktyabr, noyabr aylarında Astara, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı… rayonlarında insan hüquqları sahəsində vəziyyətin öyrənilməsi ilə bağlı 100 respondent arasında gizli sorğu aparıb (Bu qədər rayonların yüz minlərlə sakinləri arasında 100 nəfərin rəyi çox maraqlıdır. Hər rayona təxminən 7 nəfər düşüb. Çox maraqlıdır!!!). Və bu anonim sorğular(?) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rayon-şəhər Mərkəzi Xəstəxanalarını da əhatə edib. Məlumatda qeyd edilir ki, həmin monitorinqlərin nəticəsinə görə, Salyan, Sabirabad və Şirvan ginekologiya və doğum şöbələrində vətəndaşlarla ünsiyyət, korrupsiyaya qarşı mübarizə və ana-uşaq ölümlərinin vəziyyəti yüksək qiymətləndirilib. Ən maraqlısı, bu dəfə də mükafatlandırma və təqdimat məsələsi ortaya çıxıb. Budur, yuxarıda adı çəkilən Şirvan Mərkəzi Xəstəxanasında da təqdimat və mükafatlandırma həyata keçirilib. Mükafatı xəstəxananın ginekologiya və döğum şöbəsinin müdiri Sevda Həsənovaya təqdim edən İB sədri Azad İskəndərli çıxışı zamanı bu uğurda Şirvan Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olunmuş Pərviz Rüstəmbəyovun xidmətini xüsusi vurğulayaraq, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova, İcbari Tibbi Sığortanın sədri Zaur Əliyevə təşəkkürünü bildirməyi və onlara uğurlar arzulamağı da unutmayıb…
On gün ərzində təzə doğulmuş 5 uşağın ölümü qeydə alınmış Doğum Evinin baş müdirinə mükafat???
Düzü çox təəccübləndik. Son ayda neçə-neçə körpə ölümünün baş verdiyi Şirvan doğum evində necə oldu ki, “ana-uşaq ölümlərinin vəziyyəti yüksək qiymətləndirilib”?! Bəs doğum evində körpəsini itirmiş Quliyeva İlahə Musaxan qızı – doğuş həkimi Şəhla xanım, Bəşirova Gündüzə Qulu qızı – doğuş həkimi Sevda xanım, Tağıyeva Türkanə Yaşar qızı – doğuş həkimi Elnarə xanım, Musayeva Günəş Nazim qızı – doğuş həkimi Şəhla xanım, Əlizadə Tünzalə Əziz qızı – döğuş həkimi Nəcəfova İlahə xanım… Bəs həmin anaların ahı, fəryadı?! Bu körpə ölümlərinin sayını- hesabını bilən xəstəxana – ginekologiya və doğum şöbəsinin rəhbərliyi necə ola bilər ki, bu mükafatdan imtina etməyib, əksinə, sevinclə qəbul edərək, hələ bir sosial şəbəkələrdə geninə-boluna fəxrlə paylaşımını da ediblər!
100 respondentə gəlincə, 14 rayonda aparılmış gizli (?) sorğuya cəlb edilmiş bu respondentlərin sayəsində görün Şirvan Mərkəzi Xəstəxanadakı “ginekologiya və doğum şöbələrində vətəndaşlarla ünsiyyət, korrupsiyaya qarşı mübarizə və ana-uşaq ölümlərinin vəziyyəti” necə yüksək qiymətləndirilib və mükafatlandırma aparılıb… Çox maraqlıdır! Həm də gülməli… Bəs həmin mükafatı təqdim edən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB rəhbəri Azad İskəndərli (Başbuq) kimdir? Həqiqətən də bizə maraqlı gəldi və elektron mediada axtarış apardıq. Məlum oldu ki, Azad İskəndərli cəmiyyət tərəfindən çox yaxşı xatırlanan və hafizələrdə iz buraxmış bir şəxsdir. Dosyesi çox zəngindir. Sitat: «…2015-ci ildə Şirvan Şəhər (Rayon) Polis Şöbəsi tərəfindən Şirvan şəhərində fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli Azad Vəlyəddin oğlu Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Daha əvvəl Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azad İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilib. İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törədib…».
Əlavə şərhə ehtiyac varm? Mükafatı alanların “uğurları” bəlli, mükafatı təqdim edən bəlli… Nəticəni özünüz müəyyənləşdirin.
O ki qaldı son yaxın zaman içində sıraladığımız uşaq ölümlərinə, görəsən, “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB-nin həmin o respondentləri necə olub ki, bu qədər ölümlərdən xəbərsiz olub???
«Təzadlar»a daxil olan bu məlumatları aidiyyəti üzrə Baş Prokurorluğa, eləcə də Səhiyyə Nazirliyinə və TƏBİB-ə göndərməli olduq. Nəticəsi barədə əlavə məlumat veriləcək…
Mənbə: «Təzadlar»